Aslan İsmayılov: “Məsuliyyətdən yayınmaq üçün ən ağır diaqnozla Respublika Diaqnostika Mərkəzində gizlənir”
Məşhur hüquqşünas Aslan İsmayılov “Xəmsə” şadlıq sarayı və bir sıra başqa biznes obyektlərinin sahibi Mürvət Həsənlinin özünü xəstəliyə vurması haqda status yazıb.
A.İsmayılov özünün facebook profilində qeyd edib ki, M.Həsənli məsuliyyətdən yaxa qurtarmaq üçün ən ağır diaqnoz almaq niyyəti ilə xəstəxanaya düşüb.
Statusun bir hissəsini təqdim edirik:
“Məsuliyyətdən yaxa qurtarmaq istəyən “sıpa” kimi sağlamlar pulunu verib özlərinə səhiyyədən ən ağır diaqnoz da ala bilirlər. Bu günlərdə türk vətəndaşlarına qarşı etdikləri dələduzluqlara, şantaja, hədə-qorxulara görə məsuliyyətə çağrılan “Xəmsə” restoranının sahibi, “mafiya babası” Mürvət Həsənlidə ifşa olunacağını görənkimi, məsuliyyətdən yayınmaq üçün ən ağır diaqnozla Respublika Diaqnostika Mərkəzində gizlənir. Guya ən ağır ürək xəstəliyindən əzab çəkən, təcili cərrahi əməliyyata ehtiyacı olan M.Həsənli elə həmin tibb müəssisəsində ola-ola sağa-sola müsahibələrverir, guya iş başında olduğunu, mənim yalan məlumat paylaşdığımı deyir, məni təhqir etməyə davam edir. Ən böyük murdarlıq odur ki, bu dələduz bu gün müsahibə verib öz murdar əməllərini gizlətmək üçün rəhmətlik Heydər Əliyevin adından da istifadə edir. Hanı bu gün Heydər Əliyevin çörəyini yeyənlər, addımbaşı onun adını fəxrlə çəkənlər?! Onlar nəinki bu murdarlığa etiraz etmirlər, əksinə, Azərbaycan xalqını, dövlətini dünyada biabır edən bir dələduzu himayə edirlər. Bir daha onlara deyirəm, mənim qorxacaq yerim yoxdur, sizin kimi çirkabın içində deyiləm və səbrim də tükənməz deyil. Daha yaxşı olar ki, siz yumurta, cücə biznesi ilə deyil, öz vəzifənizi icra edin”.
Qeyd edək ki, A.İsmayılov M.Həsənlinin vaxtilə şəriki olan “Emre Piliç” şirkətinin sahiblərindən biri Ömür Oralın nümayəndəsidir. “Emre Piliç” şirkəti M.həsnlinin vasitəçiliyi ilə “Siyəzən Broyler” ASC-yə damazlıq yumurta satıb, həmin yumurtaların pulları isə “Siyəzən Broyler” ASC tərəfindən uzun illər Ömür Oralın Azərbaycandakı nümayəndəsi olan “Xəmsə-M” MMC-nin rəhbəri Mürvət Həsənliyə verilib. “Siyəzən Broyler” ASC tərəfindən 3,8 milyon ABŞ dolları M.Həsənliyə verilsə də, sonuncu “Emre Piliç” şirkətinə bu puldan cəmi 2,1 milyon ABŞ dollarını ödəyib, yerdə qalan 1,7 milyon dollarını isə verməyib. Ö.Orala bildirib ki, “Siyəzən Broyler” ASC bu pulları ödəməkdən imtina edir. “Emre Piliç” şirkətinin rəhbəri Ömür Oral bu pulları tələb etmək üçün Azərbaycana gələcəyini və lazımi instansiyalara şikayət edəcəyini bildirdikdə, M. Həsənli cavabında bildirib ki, “Siyəzən Broyler” ASC yüksək hakimiyyət dairələrinə məxsus olduğundan, bu şirkətə qarşı hər hansı addım atıla bilməz. Ö.Oral belə səhv etsə, dərhal həbs ediləcək. Beləliklə də, M. Həsənli Ö.Oralın Azərbaycana gəlişinin qarşısını almağa çalışıb. Ö.Oral deyib ki, bu yolla M.Həsənli “Emre Piliç” şirkətinə çatası təxminən 1,7 milyon ABŞ dollarını qanunsuz şəkildə ələ keçirib. O, Azərbaycana gələndən sonra isə onun özünü təhdid etməyə, oğlunu öldürtdürəcəyi ilə hədələməyə başlayıb. Bir neçə gün əvvəl hədələnmə ilə bağlı M.Həsənli Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb, dindirilərək sərbəst buraxılmışdı. Bundan sonra iş adamının xəstəxanaya müraciət etməsi suallar doğurub.
Gununsesi.info