Xərçəng xəstəliyini qoxuya əsasən müəyyən etmək mümkündür

Qeyri-adi tər qoxusu bəzi orqanların fəaliyyət göstərməməsinin, həmçinin bir sıra ciddi xəstəliklərin əlaməti sayıla bilər.

Gununsesi.org bildirir ki, bu barədə “İzvestiya” rusiyalı dermatoloq İrina Skoroqudayevanın açıqlamasına istinadla xəbər yayıb.

Onun dediyinə görə, adətən, xərçəng xəstəliyinə tutulan insan daha çox tərləməyə başlayır və bədənində özünəməxsus “bayat ət qoxusu” yaranır.

Həkim qeyd edib ki, bədxassəli şişlərlə mübarizə zamanı bədən istiliyi artıran şiş nekrozu amili yaradır. Orqanizm istiliyini azaltmaq üçün termorequlyasiya sistemi işə düşür və nəticədə, həmin şəxs tərləməyə başlayır.

Mütəxəssis əlavə edib ki, şəkərli diabet xəstələrindən də öz növbəsində tez-tez aseton və ya yetişmiş almaya bənzər iy gəlir:

“Əgər şəkərli diabet fonunda sizdə insulinin səviyyəsi azalırsa, onda qlükoza hüceyrələrə daxil olmur, ancaq enerji istehsal etməli olduqlarından yağlara keçir”.

O bildirib ki, bu proses nəticəsində şəkərli diabet xəstələrinin bədənində keton cisimləri əmələ gəlir.

Qaraciyər və böyrək problemləri zamanı isə tərdən ammonyak qoxusu gəlir.

Mütəxəssislər qeyd edirlər ki, şişin vaxtında aşkarlanması sağalma şansını 85% artırır.

Gununsesi.org