ABŞ Müdafiə naziri Lloyd Ostinin müalicəsinin davam etdiyi Uolter Reed Milli Hərbi Xəstəxanasından verilən yazılı açıqlamada nazirə dekabrın əvvəlində prostat xərçəngi diaqnozunun qoyulduğu bildirilib.
Gununsesi.info xəbər verir ki, açıqlamada Ostinin dekabrın 22-də xəstəxanaya müraciət etdiyi və ümumi anesteziya altında prostatektomiya adlı minimal cərrahiyyə əməliyyatı olunduğu və əməliyyatın yaxşı keçdiyi bildirilib.
Açıqlamada nazirin ertəsi gün evə buraxıldığı, lakin əməliyyat nəticəsində yaranan şiddətli qarın, omba və ayaq ağrıları və ürək bulanması ilə əlaqədar yanvarın 1-də yenidən xəstəxanaya yerləşdirildiyi və Ostinin sidik yolu infeksiyası olduğu qeyd edilib.
Açıqlamada bildirilib ki, sonrakı müayinələr zamanı qarın nahiyəsində nazik bağırsaqların funksiyasını pozan mayenin yığılması aşkar edilib və maye cərrahi drenajla boşaldılıb. Ostinin davam edən müalicəsi zamanı infeksiyasının təmizləndiyi, səhhətinin yaxşılaşdığı bildirilib.
Qeyd edilib ki, prostat xərçəngi ABŞ kişiləri arasında ən çox görülən xərçəngdir, ümumilikdə hər 8 kişidən 1-də, qaradərili Amerika kişiləri arasında isə hər 6 kişidən 1-də rast gəlinir.
ABŞ-da Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı gec açıqlama mübahisələrə səbəb olub.
ABŞ Müdafiə Nazirliyinin yanvarın 5-də verdiyi yazılı açıqlamada Lloyd Ostinin yanvarın 1-də xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Sonradan məlum olub ki, ABŞ prezidenti Co Bayden də daxil olmaqla yüksək vəzifəli şəxslər, həmçinin Pentaqon rəsmiləri və Konqres üzvləri Ostinin xəstəxanaya yerləşdirildiyini günlər sonra öyrəniblər.
Keçmiş prezident Donald Tramp da daxil olmaqla bəzi Respublikaçılar Ostinin vəzifədən uzaqlaşdırılması məsələsini gündəmə gətirsələr də, Ağ Evin bu gün verdiyi açıqlamada Ostinin vəzifəsini davam etdirəcəyi bildirilib.
Gununsesi.info