“Xətai” metrosu təmirdən sonra istifadəyə verildi - FOTOLAR

  • By admin
  • 23 Dekabr 2016 12:30
unnamed-7
“Xətai” metrostansiyası təmirdən sonra sərnişinlərin istifadəsinə verildi.
Gununsesi.info xəbər verir ki, bu gün “Xətai” metro stansiyasında aparılmış yenidənqurma və sağlamlaşdırma işlərindən sonra paytaxt sakinlərinin istifadəsinə verilib.
Azərbaycan Prezidentinin “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 18 mart 2011-ci il tarixli 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün mövcud Qırmızı və Yaşıl xətlərdə müstəqil hərəkət təşkil edilməsi, həmçinin hərəkətin intensivliyinin artmasının təmin edilməsi məqsədilə “Xətai” stansiyasının I baş yolunun rekonstruksiyası və işlək vəziyyətə gətirilməsi, eyni zamanda “Xətai” (Y-13) və “Həzi Aslanov-2” (Y-17) stansiyaları arasında 3 stansiya və tunellər inşa edilməsi nəzərdə tutulub.
1968-ci ildə istifadəyə verilmiş “Xətai” stansiyasının və ona bitişik tunellərin tikintisi hələ 1949-cu ildə başlanıb. Tunel geyimləri, eləcə də metronun fəaliyyəti üçün əhəmiyyətli olan avadanlıqlar bütün bu illər ərzində aqressiv geoloji və hidrogeoloji mühitin təsiri altında olub. Uzun müddət “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət ancaq bir yolla – II yolla təşkil edildiyindən I yolda mövcud havalandırma səmərəsiz olmuş, həmçinin qatar yolunun hər iki tərəfdən bağlı, dalan tipli olması orada çuqun tunel geyiminin korroziyasının sürətlənməsinə səbəb olub. Məhz bunun nəticəsi olaraq həmin yolda sağlamlaşdırma və yenidənqurma işlərinin aparılmasına zərurət yaranıb.
“Xətai” stansiyasının I baş yolunun, o cümlədən stansiyaya bitişik mənzil yolunun və dalan yollarının sağlamlaşdırılması işlərinə 2014-cü ilin sonlarında başlanılıb.Burada tunel geyimi xarici diametrləri müvafiq olaraq 6 m və 5,5 m olan çuqun tübinqlərdən və dəmir-beton bloklardan ibarətdir. Ötən müddət ərzində korroziyaya uğramış çuqun tunel geyimlərində sağlamlaşdırma işləri həyata keçirilib.
Bundan əlavə, stansiyanin platforma hissəsində də təmir-bərpa işləri aparılıb.Stansiyanın orta zalında və platformada “Durlum “GmbH”” şirkəti tərəfindən korroziyaya davamlı özəl metal asma tavan, 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz olunub. Qeyd edək ki, ilk dəfə istifadə olunan bu materiallarla yanaşı bəzi hissələrdə mərmər-qranit örtükdən də istifadə edilib.
Ərazinin havalandırmasını həyata keçirən 26 saylı şaxtada gücləndirmə və təmir işləri aparılıb, avadanlıqlar yenilənib. Həmçinin 113 saylı şaxtada yeni havalandırma sistemi quraşdırılıb. 
“Bakı Metropoliteni” QSC-nin daxili imkanları və müvafiq strukturları tərəfindən həyata keçirilən işlər zamanı daha qənaətcil və keyfiyyətli material və avadanlıqlardan istifadəyə üstünlük verilib.
Həyata keçirilən işlərin davamı olaraq “Xətai” stansiyasının I baş yolu istismara verildikdən sonra stansiyanın II baş yolunda və orta zalında rekonstruksiya işləri aparılacaq. Sağlamlaşdırma işlərinin tam şəkildə başa çatması üçün istismar müddəti başa çatmaqda olan 3 ədəd LT-2 tipli eskalatorlar alman istehsalı olan Viktoria tipli yeni eskalatorla əvəz ediləcək və stansiyanın yerüstü vestibülü də daxil olmaqla stansiyanın kompleks təmiri işləri həyata keçiriləcək.
unnamed-8 unnamed-5 unnamed-4 unnamed-3 unnamed-2
Mürtəza 
Gununsesi.info