Ötən gecə paytaxtın Xətai rayonunda – İlqar Zülfüqarov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
FHN-in 112 – qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olan kimi əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
İyirmimərtəbəli binanın 18-ci mərtəbəsində baş vermiş yanğının genişlənməsinə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində imkan verilməyib. Yanğın qısa müddətdə söndürülüb.
Sakinlər təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Gununsesi.info