Xəlil Rzanın ailə üzvlərinin pullarını kim mənimsəyib? - MƏHKƏMƏ

  • By admin
  • 20 Fevral 2018 12:57

 

2017-ci ilin sonunda lisenziyası ləğv olunan “Dəmirbank”ın “Bayıl” filialının müdiri, 32 yaşlı Fərəh Rəşadətli üç aydır ki, həbsdədir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.

Gununsesi.info xəbər verir ki, filial müdirinin özü ilə yanaşı, xəzinədar olmuş 31 yaşlı Tamamgül Xanlarova və bankın daha bir əməkdaşı, 28 yaşlı Fariz Qarayev də müttəhimlər kürsüsündədir. Amma onlar həbsdə deyil.

F.Rəşadətli özü də istintaq dövründə həbsdə deyildi. Amma məhkəmənin hazırlıq iclasında onun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunub həbə alınmasına qərar verildi.

Rəşadətli və daha iki işçisi 8 əmanətçinin banka əmanət kimi qoyduğu pulların mənimsənilməsi, sənədlərə yalan məlumatlar yazılması, dələduzluq kimi əməllərdə günahlandırılır. Zərərçəkmişlərdən 7 nəfər də bir-biri ilə qohum olan iki ailənin üzvləridir. Bunlardan biri Təhsil Nazirliyinin sifarişi ilə dərsliklərin çapıyla məşğul olan “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin təsisçisi və baş direktoru, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundovun (özü və ailəsi, digəri isə Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün ailəsidir.

İttihama görə, “Dəmirbank”da əmanətlərin mənimsənilməsi nəticəsində Bəhruz Axundova 400 min, onun həyat yoldaşı Əzizə Axundovaya 1 milyon 155 min, qızı Pərvanə Əliyevaya 400 min, oğlu Tural Axundova 395 min, gəlini Gülnur Axundovaya 300 min ziyan dəyib.

Daha iki zərərçəkmişin biri – Sevda Xəlilova Gülnurun anası, Firəngiz Xəlilova isə bacısıdır. Onlar Xəlil Rzanın gəlini və nəvələridir. S.Xəlilova 300 min manat, qızı Firəngiz isə 150 min dollar ziyana düşüb.

B.Axundov 2017-ci ilin iyununda dünyasını dəyişib. Ardınca oğlu Tural Axundov “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin baş direktoru olub.

Fevralın 20-də F.Rəşadətli məhkəmədə ifadə verərkən pulların mənimsənilməsinə görə Tural Axundovu günahlandırıb. Bildirib ki, Tural Axundov gəlib qohumlarından bəzilərinin adına olan əmanəti çıxarıb aparıb, amma onların özlərinə deməyib.

Təqsirləndirilən filial müdirinin sözlərinə görə, 2011-ci ilin sonunda Tural Axundov onun yanına gələrək, banka 150 min manat əmanət qoymaq istədiyini deyib. Bir müddət sonra isə gəlib deyib ki, şirkət açırlar, buna görə iki bankdan arayış lazımdı: “Mən də arayış düzəldib verdim. Biri anası Əzizə xanımın adına idi. Sonra Bəhruz müəllimin dəvətilə şirkətlərində görüşdsm. Onların hesablarımın bizim banka köçürülməsinə qərar verdilər”.

F.Rəşadətli bildirib ki, daha sonra T.Axundov qayınanası S.Xəlilovanı da banka gətirib. Məlum olub ki, Sevda xanım da, onun digər qızı Firəngiz Xəlilova da əmanət qoymaq istəyir. Bir müddət sonra onların əmanətləri qəbul olunub: “Həmin vaxt Tural burada yox idi. On gün sonra gəlib dedi ki, Firəngizin əmanətini nahaq götürmüsən, o 150 min dollar mənim idi, indi iş üçün lazımdı. Mən də pulu məxaric edib Turala qaytardım. Bir müddət sonra Sevda xanım gəlib dedi ki, əmanətin faizi karta köçməyib. Bildim ki, Tural onlara heç nə deməyib. Turalı ofisə çağırdım, and-aman elədi ki, o pulu yol tikintisi ilə bağlı işə qoyub. Xahiş elədi ki, deməyim, çünki elə bilirlər, pul bankdadı. Tural dedi ki, Sevda xanımın kartına aylıq faizləri özü köçürürdü, amma indi ödəyə bilmir. Təklif elədi Sevda xanıma deyim ki, faizləri axırda birlikdə ödəyək. Mən öz hesabımdan faizləri kartlara ödədim, düşündüm ki, Tural verəndə axırda özüm götürərərm”.

Fərəh Rəşadətlinin sözlərinə görə, bu cür davranışının səbəbi Tural Axundovla qohumluqları və ailə üzvlərinin yanında onu pis vəziyyətə qoymaq istəməməsi olub. Tural Axundov sabiq filial müdirinin bacısının həyat yoldaşının dayısı oğludur. Həm də Tural Axundovla Fərəh Rəşadətli bir sinifdə oxuyublar: “Turalın anası Əzizə xanımın adına 1,1 milyon manat ümumiyyətlə, olmayıb. Sevda xanımın adına 300 min olub, o da qaytarılıb.  Pərvanə Əliyevanın adına heç nəinki 400 min, heç 4 manat da olmayıb.  Sevda xanımın və Gülnurun adına olan pulları Tural götürüb. Firəngiz Xəlilovanın pulunu iki dəfəyə götürüblər. Tural bir dəfə 150 min qoyub, sonra çıxarıb. Bircə Sevda Xəlilovanın pulu sistemə oturmuşdu”.

Tural Axundovun qardaşı Toğrul Axundov Yasamal Rayon Məhkəməsinin hakimidir. Fərəh Rəşadətli deyir ki, həmin hakimin adı ilə onu hədələyirdilər: “Günlərin birində Tural gəlib dedi ki, pulu biznesdə batırıb biznesdə, atası da tələb edir. Mənə təklif etdi ki,  borc tapıb verim, yoxsa atası məndən prokurorluğa şikayət edəcək. Mən də çıxış yolu tapmaq üçün faizləri ödəyirdim ki, vaxt uzansın. Mən istintaqda deməmişəm ki, pulu özümə xərcləmişəm. Həmin vaxt hamiləliyimin son dövrü idi, uzun müddət oturub ifadə verə bilmirdim. Müstəntiqə dedim ki, nə istəyirsən yaz, qol çəkim gedim…”

Əmanətlərin hansı əsasla Tural Axundova verilməsinə gəlincə,  Fərəh Rəşadətli belə izah edib: “Sevda xanımın qoyduğu əmanətə görə imzalanan müqavilədə faizdə səhv var idi. Sənədi yenidən çap etdik və onu Tural imzaladı. Ona görə də məxaric edəndə Turalın imzası ilə çıxardıq. Mən Turala 1,6 milyon pul ödəmişəm”.

Məhkəmə davam edir.

Gülər

Gununsesi.info