Xətai rayonunda dezinfeksiya işləri aparıldı – FOTOLAR

  • By admin
  • 13 Avqust 2021 16:52

Son günlər ölkədə koronavirus pandemiyasına yoluxma sayı yenidən kəskin şəkildə artmağa başlayıb.

Gununsesi.info Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata istinadən xəbər verir ki, bununla əlaqədar paytaxtda vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.

Belə ki, bütün paytaxt rayonlarında, o cümlədən Xətai rayonunda genişmiqyaslı dezinfeksiya həftəsi elan edilib.

İlk günündən tədbir çərçivəsində rayonun bütün inzibati ərazisində yerləşən parklarda, həyətlərdə, küçə və prospektlərdə dezinfeksiya, eləcə də əhali arasında maarifləndirmə işlərinə başlanılıb.

Əvvəlcədən təsdiq edilmiş qrafikə uyğun olaraq kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, o cümlədən lift kabinalarında, həyət və yaşayış məhəllələrində, avtobus dayanacaqlarında, park və abad həyətlərdəki idman və əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.

Eyni zamanda həm də yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə sakinlərə ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir. Həftəsonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılıb.