Xətaidə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTOLAR

  • By admin
  • 24 May 2023 14:57

Mayın 23-də Xətai rayonunda “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə qızıl gül dəstələri düzüblər. Sonra “Baku Marriott Hotel”də davam edən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası yolunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Heydər Əliyevin çox sevdiyi “Azərbaycan” şeiri ifa edilib, dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən film nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini, Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə geniş təhlillər aparılaraq gənc nəslə çatdırıldığını bildirib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev vurğulayıb ki, dahi şəxsiyyət Azərbaycanın bugünü və gələcəyi üçün möhkəm təməl yaradıb. Məhz bu möhkəm təməl üzərində ucalan müasir Azərbaycan davamlı uğurları ilə dünyanın diqqətindədir. Azərbaycanın dünyaya Günəş kimi doğması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi. Qısa zamanda bu istəyini reallığa çevirən  dahi şəxsiyyət dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyini təmin etməklə yeganə problemimiz olan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğinə, erməni yalanlarının ifşasına nail oldu. Ümummilli Lider hər kəsə Vətəni sevməyi öyrətdi. Onun “Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır” çağırışı harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir amal ətrafında sıx birləşdirdi. Məhz bu birlik 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, Ulu Öndər Heydər Əliyev həqiqətən dahi insan idi. Bu görkəmli siyasi və dövlət xadimi Azərbaycan KP MK-nın birinci katibi, daha sonra Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd olduğu dövrdə mənə onunla işləmək xoşbəxtliyi nəsib olub.

Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tarixinin Zəfər səhifəsini yazmasından bəhs edib.

Ulu Öndərin şəxsi fotoqrafı Rafiq Bağırov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunan inşa-yazı və idmanın müxtəlif növləri üzrə keçirilən müsabiqələrin qalibləri mükafatlandırılıb. YAP Xətai rayon təşkilatının həyatında səmərəli fəaliyyət göstərən bir qrup üzvə Fəxri fərman və Təşəkkürnamə, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi təqdim edilib.