Xaçatryana ömürlük cəza verilməsi mümkün deyil – Prokuror izah etdi - Yenilənib1

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.
Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.
Bu gün prokuror təqsirləndirilən şəxsə cəza tələb edəcək. Daha sonra vəkil müdafiə çıxışı edəcək, Vaqif Xaçatrayan isə məhkəmədə son söz deyəcək.
İş üzrə məhkəmədə hökm oxunması gözlənilir.
Qeyd edək ki, 1991-ci ildə baş verən Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
***
11:05
 
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.
Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
İş üzrə dövlət ittihamçısı, Baş prokurorun köməkçisi Müqəddəs Sultanovun çıxış edərək Vaqif Xaçatryanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror çıxışında deyib ki, Vaqif Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
***
11:10
 
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəmə prosesi davam edir.
Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək Vaqif Xaçatryanın 15 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokurorun çıxışında Meşəli soyqırımını törətməkdə təqsirləndirilənlən Vaqif Xaçatryana 15 il cəza istəməsinin səbəbi izah edilib.
Onun ittiham olunduğu soyqırımı, sülh və müharibə əleyhinə olan cinayətlərlə bağlı cəzanın ən yuxarı həddi məhz ömürlük azadlıqdan məhrumetmə cəzasıdır.
 
Lakin Azərbaycan Respublikasının qanunvericiliyi 65 yaşı keçən şəxslərə ömürlük həddə azadlıqdan məhrumetmə cəzası verilməsini qadağan edir.
 
Vaqif Xaçatryanın da 65 yaşı keçməsi səbəbindən ona ömürlük cəza verilməsi mümkün deyil.
Azərbaycan qanunvericiliyinə əsasən, 65 yaşdan yuxarı şəxslərə ittiham olunduqları ağır cinayətlərə görə 20 il azadlıqdan məhrumetmə cəzası ən yuxarı hədd sayılır.
Lakin Vaqif Xaçatryan bu əməlləri 1991-ci ildə törədib. Azərbaycanın 2014-cü ilə qədər qüvvədə olmuş qanunvericiliyinə əsasən, sülh və müharibə əlehinə olan cinayətlərə görə sanksiya həddi 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası olub.
Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara da əsasən, şəxs hadisəni törətdiyi vaxta uyğun olan qanunvericiliyə görə cəzalanmalıdır. Yəni Vaqif Xaçatryanın hazırkı qanunvericilikdə olan sanksiya həddində deyil, əməlin törədildiyi vaxtda mövcud olan qanunvericiliyə əsasən cəzalanması hüquqi baxımdan tələblərə uyğundur.
Bu səbəbdən prokuror çıxışında Meşəli hadisələrində təqsirli bilinən şəxsə qanunvericiliyə əsasən, ittiham olunduğu maddələr üzrə ən yuxarı həddə – 15 il azadlıqdan məhrumetmə cəzası istəyib.
Gununsesi.info