Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Gununsesi.info xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində sürücü həyatını itirib. Hadisə Qəndab-Yalama yolunun 33-cü kilometrliyində, Xaçmaz rayonunun Əhmədoba kəndinin ərazisində olub. “Lada Priora”nın sükanı arxasında olan 26 yaşlı Toğrul Məhərrəmov içkili halda yolun əks hərəkətli hissəsinə çıxıb və Xudat istiqamətində hərəkətdə olan Şəmkir rayon sakini, 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi avtomobilə toqquşub. Zərbənin gücündən “Priora” yol kənarındakı ağaca çırpılıb. Sürücü isə yerindəcə həyatını itirib.
“Mercedes”in sükanı arxasında olan Tural Qəmbərov isə yaralı halda xəstəxanaya çatdırılıb. Hər iki avtomobil qəzadan sonra deformasiyaya uğrayıb, tamamilə yararsız vəziyyətə düşüb. Qəzanın təfərrüatları araşdırılır.
Gununsesi.info