Xalq artisti martda vida konsertini verəcək- VİDEO

Xalq artisti martda vida konsertini verəcək

“ARB Ulduz”un “Şou məkan” verilişinin qonağı olan xalq artisti Könül Xasıyeva maraqlı açıqlamalar verib.

Gununsesi.info xəbər verir ki, o, zarafatcıl olduğunu dilə gətirib: “Zarafatsız həyat mümkün deyil. Mən həmişə tamaşaçılarımın qarşısına ciddi formada çıxmışam. Yenə də ciddiyəm. Şəkiliyik də. Bu zarafatcıllığa şəkili olmağımız da təsir göstərir. Mən yumoru sevən insanam”.

17 il dərdini içində gəzdirib heç kəsə bildirməyən Könül xanım 4 il öncə də ağır bir durumla üz-üzə qalsa da, heç kimin bundan xəbəri olmayıb: “17 ildir xəstəliklə mübarizə aparıram. Ancaq son dövrlərdəki kimi heç vaxt olmamışdım. 2013-cü ildə, sadəcə, əlim, ayağım tutulmuşdu. Onu isə həkim Heydər Aslanov müalicə etdi. Əlim, ayağım tutulanda İsraildən imtina gəlmişdi ki, daha gecdir. Amma azərbaycanlı həkimimiz 3 aya məni müalicə etdi. Evdən bayıra çıxmadım. O vaxt xəstələnəndə heç kim bilməmişdi”.

İfaçı indiki durumu ilə bağlı da danışdı: “İndi yaxşıyam, özümü yaxşı hiss edirəm. Ayağım açılıb, gəzirəm, əllərim açılıb, nitqim açılıb, danışıram, oxuyuram. Yavaş-yavaş işimin başına qayıdıram”.

Çox çətinliklərlə üzləşən, mübarizə aparan və hər mübarizədən üzüağ çıxan xalq artisti, mart ayında sevənləri önünə konsert proqramı ilə çıxacaq: “Martın 17-si 50 yaşım tamam olur. Balıq bürcüyəm. Heydər Əliyev Sarayının rəhbəri Fərhad Babayevlə görüşdüm. Fərhad müəllim də dedi ki, 17-sində tədbir var, bəlkə, konsertiniz ayın 16-sı olsun. Dedim, lap yaxşı. Martın 17-si də ailəmlə doğum günümü qeyd edərəm. Vida konsertim olacaq. Efirlərə çıxacam, məclislərə gedəcəm, amma solo konsert bəsdir. Hiss edirəm ki, daha gücüm yoxdur”.

Mart konserti ilə sevənlərindən ayrılan, onlarla vidalaşan Könül Xasıyeva artıq bu cür ağır işlərin arxasınca gedə biləcək gücünün qalmadığını söylədi: “Konsert verərkən, 2-3 ay məşqlər gedir, biletlərlə maraqlanmalısan. Başım işə qarışanda övladım diqqətdən kənar qalır. Belə ağır işlərin arxasınca getməyə gücüm qalmayıb. Efirlərə getməyəndə övladımla oturub söhbət edirdik. Onda 9 yaşı vardı. Oğlum dedi ki, ana, sən sağalsan, efirlərdə sağalacaqsan. Efirlərə get. Uşaq bu məsələni ürəyinə salmışdı”.

Qeyd edək ki, “ARB Ulduz” kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Gununsesi.info

COMMENTS