“Bu il Azərbaycanda “Heydər Əliyev İli”dir. Mən arzu edərdim ki, Yeni il və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə cənab Prezident Əfv sərəncamı imzalasın. Bu sərəncamla Azərbaycan dövləti qarşısında böyük xidmətləri olan Eldar Həsənov azadlığa çıxsın”.
Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycanın xalq şairi Vahid Əziz qarşıda gözlənilən əfv sərəncamında Heydər Əliyev komandasının hazırda həbsdə olan üzvlərinin adlarının olmasının mümkünlüyünə dair suala cavabında deyib.
Xalq şairinin sözlərinə görə, Eldar Həsənov Heydər Əliyev məktəbinə ən sədaqətli insanlardan biri olub: “O, Heydər Əliyevə sədaqətini Prezidentimiz İlham Əliyevə də eyni qaydada nümayiş etdirib. Hüquq-mühafizə orqanlarında rəhbər vəzifələr daşıyıb. Həbsinin detallarını bilmirəm. Amma deyə bilərəm ki, onun həbsi Azərbaycanın Avropada apardığı siyasətə təsir edib. Eldar Həsənov çox nüfuzlu şəxsiyyətdir. O, dəfələrlə Avropada ermənilərin Azərbaycana qarşı məkrli planlarını pozub. Avropa Məhkəməsində hakimlər onu tanıyırdı, hörmət edirdi.
Eldar Həsənov təkcə səfir olduğu ölkədə deyil, bütövlükdə Avropa məkanında Azərbaycanın imici üçün çalışıb. “Heydər Əliyev İli”ndə onu azadlıqda görmək cəmiyyətə də həmrəylik mesajı olardı. Bir faktı deyim. Eldar Həsənov Rumıniyada Heydər Əliyevə heykəl qoydu. Sonra ermənilər Andranikin heykəlini orada qoymaq istəyirdi. Eldar Həsənov “bəs, bunun qulağının biri yoxdur,axı” deməsindən sonra o heykəli itirdilər”.
İlham Əliyevin xalq üçün böyük işlər gördüyünü vurğulayan Vahid Əziz deyir ki, ölkə başçısı 30 illik xəcalətimizə son qoydu: “İlham Əliyevin rəhbərliyi ilə işğaldan qurtulduq. Heç kəs inanmazdı ki, Xankəndində Azərbaycan bayrağı ucaldıla bilər. Belə də oldu. Mən “Xankəndi xanlığın mübarək olsun, Xanın geri qayıtdı” yazdım.
İnanmaq istərdim ki, Azərbaycan xalqına bu sevinci yaşadan prezidentimiz Eldar Həsənovun da xidmətini, indiyədək çəkdiyi cəzanı, yaşını, səhhətini nəzərə alıb onu azad edəcək”.
Pərviz
Gununsesi.info