Xalqa Xidmət Hərəkatının (XXH) Başqanı Arzu Sayadoğlu Azərbaycandakı siyasi mühit və əhalinin gerçək islahatlarla bağlı gözləntiləri haqqında danışıb.
Gununsesi.info xəbər verir ki, XXH Başqanı hökumətin siyasi islahatlarla bağlı atmalı olduğu addımları yubatdığını söyləyir. Sayadoğlu açıqlamasında bunları deyir:
“”Ölkədə böyük siyasi dəyişiklərə ehtiyac var, xalq gözlənti içindədir. Uzun zamandır ki, Azərbaycanda səmimi və gerçək islahatlar edilmir. Dəfələrlə dövlət başçısı da, məmurların vəzifələrə öz övladlarını və yaxın qohumlarını gətirməsi ilə bağlı xəbərdarlıqlar edib. Ancaq xalqın gözləntisi dəyişməyib. Bütövlükdə, biz – siyasi qurum olaraq dərin və geniş islahatların tərəfdarıyıq. Artıq hökumət təmsilçiləri və deputatlar da ölkədəki rüşvət, monopoliya, vergidən yayınma kimi neqatif durumları dilə gətirirlər. Bu mövzuda bizim haqlı çıxdığımız ortadadır.
Xalqa Xidmət Hərəkatı olaraq millətin xeyrinə olan islahatların və səmimi yeniliklərin gecikməsinin ölkəmiz üçün mənfi nəticələnəcəyi ilə bağlı çağırışlar edirik. Çıxış yolları və təkliflər edirik. Azərbaycan iqtidarı bu islahatları edərsə, ölkə qazanacaq. Siyasi mühitə gəldikdə isə, çoxsaylı insanlar var ki, onlara normal münasibət bəslənməli, fərqli düşünən insanlar azadlıqda olmalıdır.
Xalqın güzəranın yaxşılaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz işini yerinə yetirməlidir. Sosial paketlərin miqyası genişlənməli və xalqa edilməli olan maddi yardımın miqdarı artırılmalıdır.