Xankədi aeroportu atəşə tutulmalıdır - POLİTOLOQDAN SENSASİON TƏKLİF

  • By admin
  • 31 May 2019 10:06

Dağlıq Qarabağda tanınmamış dövlətlər arasında Avropa Çempionatı başlayır. Bu haqda “Der Tagesspiegel” nəşrinin jurnalisti Marko Tsşik yazıb. Marko Tsşik həftənin şənbə günü keçirilməsi nəzərdə tutulan turniri Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (ConIFA) təşkil edir.

Bizimyol.info xəbər verir ki, Futbol ittifaqı milli azlıqlara, qeyri-müəyyən statuslu regionlara yarışlarda iştiraka şərait yaradacağını da bildirir. Çempionatda Sardiniya, Nitsa qraflığı, Abxaziya və Cənubi Osetiya da oynayacaq. Dağlıq Qarabağ komandasının 61 yaşlı baş məşqçisi Slava Qabrielyan açıqlamasında bildirib ki, bu onlar üçün kiçik bir arzudur.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb mövqe öyrənməyə çalışsaq da çoxsaylı zənglərimiz cavabsız qalıb.

Bununla bağlı açıqlama verən politoloq Nəzakət Məmmədova bildirib ki, Xarici İşlər Nazirliyi səviyyəsində məsələyə münasibət bildirilməlidir. Həmçinin politoloq əlavə edib ki, bugünə qədər oraya səyahət edənlər barəsində tədbir görülsə də, arzuolunmaz şəxslər siyahısına əlavə edilsələr də görünür bu məsələnin səmərli həlli yolu deyil, səmərəli yol ancaq Xankəndi aeroportunu atəşə tutmaqdır:

“Bu məsələyə Azərbaycan iki formada reaksiya bildirə bilər. XİN səviyyəsində həmin qanunsuz tədbiri təşkil etdiyi deyilən Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasına etiraz bildirmək, habelə həmin tədbirdə iştirak etmək və ona tamaşa etməyə gələn turistləri arzuolunmaz şəxslər siyahısına daxil edib onların gələcəkdə Azərbaycana səfərlərinə icazə verməmək və s. Yəni diplomatik kanallarla buna münasibət bildirmək, habelə separatçılıqdan əziyyət çəkən və həmin “çempionatda” separatçı bölgələri iştirak edəcək olan Ukrayna, Gürcüstan və s. ölkələrlə fəaliyyətini koordinasiya etmək və gələcəkdə belə halların baş verməsinin qarşısını almaq, yaxud ona qarşı mübarizə aparmaq üçün birgə səyləri gücləndirmək mütləqdir.

Lakin bunun o qədər də səmərəli yol deyil, çünki illərdir bu vasitələrdən istifadə edilir, amma xüsusi bir irəliləyiş yoxdur. Bunun qarşısını almağın ən səmərəli yolu Xankəndi aeroportunu atəşə tutmaqdır.

Çünki adı çəkilən qəzetdəki məqalədə də qeyd edildiyi kimi Xankəndi hava limanı Azərbaycanın hərbi-hava qüvvələri üçün əlçatandır. Belə olan halda xəbərdarlıq atəşi açılsa, inanmıram ki, bir daha hər hansı əcnəbi Qarabağa gəlmək istəsin”.

Gununsesi.org