Xankəndinin işğalından 28 il ötür

  • By admin
  • 28 Dekabr 2019 08:36

Bu gün Xankəndi şəhəri və ətraf ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.

Gununsesi.org-un məlumatına görə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə 1989-cu ildən başlanıb.

Erməni silahlı quldurları bu şəhərdə yaşayıb-işləyən azərbaycanlıları təqib edib, zorla ev-eşiyindən qovub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib. Bu, Kərkicahan qəsəbəsinin işğalı ilə başlanılıb.

İşğal qurtardıqdan sonra isə şəhərin bir hissəsi və meşə əraziləri yandırılıb.

İşğal gününə qədər Kərkicahanın müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış polis və Milli Ordunun bir qrup əsgərləri tərəfindən təşkil olunub.

İşğal nəticəsində 34 nəfər şəhid olub, 150 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. Şəhid olanlardan 3-ü qadın, 2-si isə azyaşlı uşaq olub.

İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Gununsesi.org