Xanlar Vəliyev mövqeyini niyə dəyişdi? - BİR ZAMANLAR "TƏRTƏR İŞİ"Nİ "NAĞIL" ADLANDIRMIŞDI

  • By admin
  • 01 Noyabr 2021 18:42

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev məşhur “Tərtər işgəncəsi” haqqında geniş danışıb.

Hərbi prokuror bu cinayətlə bağlı aparılmış istintaq və həbslərə toxunaraq, bir sıra ciddi etiraflarda bulunub.

O, deyib ki, Azərbaycan dövləti bu məsələni heç zaman diqqətsiz qoymayıb.

Ancaq Xanlar Vəliyevin bu açıqlaması təəccübə səbəb olub.

Belə ki, bir neçə ay əvvəl Xanlar Vəliyev “Tərtər işgəncəsi”ni “nağıl” adlandırmışdı.

Hərbi prokuror belə bir halı, ümumiyyətlə inkar edirdi.

O, demişdi: “Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu, nağıldır və kim danışırsa, nağıl söyləyir”.

Göründüyü kimi Tərtər qətliamı zamanı 11 nəfər vətəndaşın işgəncə ilə öldürülməsini inkar etməyə çalışan hərbi prokuror ictimai etirazların fonunda geri çəkildi.

Yerigəlmişkən, onu da vurğulayaq ki, AŞ PA yaxın zamanlarda “Tərtər İşi” haqqında qətnamə qəbul etməyə hazırlaşır.

Görünür, Hərbi Prokuorluğun rəhbərliyi indi dərk edir ki, hərəkətsizlik və inkarçı mövqe ölkə adına utanc gətirəcək.

Pərviz Həşimli

Gununsesi.info