
“Dini mənsubiyyət faktorun qabardaraq insanlar arasında təfriqə salmaqla xaos yaratmaq günümüzün xoşagəlməz reallığına çevrilib. Təssüflər olsun ki, son illərdə dindaxili məzhəb amilindən istifadə edərək törədilən ağır cinayətlərin miqyası getdikcə genişlənməkdədir”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov deyib.
O, qeyd edib ki, radikal dini təşkilatlar yaratmaq və yaxud maddi-texniki dəstək verməklə öz məkrli planlarını həyata keçirməyə çalışanlar müsəlman dünyasında məzhəb fərqliliklərini süni şəkildə dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə, texnoloji cəhətdən inkişafına mane olmağa və nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan, çoxlu yeraltı, yerüstü sərvətlərə, nəqliyyat infrastrukturuna sahib olmağa cəhd göstərirlər.
“Bu gün acı həqiqətdir ki, bəzi ölkələr arasında iqtisadi, siyasi, hərbi sahələrlə yanaşı, sivilizasiya və teoloji dəyərlərin rəqabəti də gedir. Əfsuslar olsun ki, bu rəqabət sağlam şəkildə deyil, günahsız insanların həyatı bahasına başa gəlir. Suriyada, İraqda, Yəməndə və Yaxın Şərqin digər müsəlman ölkələrində baş verən qanlı olaylar buna misal ola bilər.
Odur ki, müsəlman dünyasında bugün dini zəmində yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa daha çox ehtiyac var. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün dünyaya İslamın sülh dini olduğunu və müsəlmanların terrorçu deyil, hansı dini və ya etnik konfessiya nümayəndəsi olmasından asılı olmayaraq hər kəsə dözümlü, bərabər yanaşan toplumlar olduğunu çatdırmağa ehtiyac duyulur”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Gununsesi.info