Xaqaniyə məktub! - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 30 Mart 2017 17:18

leman

 Salam, köhnə dost!

İndiki məqamda ən çox iki şeyə sevinirəm.

Əvvəla sevinirəm ki, nə yaxşı adın Xaqani olub, Nəsimi olsaydı əl-əlbət dərini soyardılar. İkinci ona görə sevinirəm ki, nə yaxşı bu dəfə yaxasını ələ verən mən olmadım, çünki, inan səmimiliyəmə, səndən bir gün qabaq oxşar hadisə mənim başıma gəlib.

1490856867-5532

Metroda qızımla oturduğum yerdə başımın üstündə bir cütlük gəldi dayandı. Əslində bunun adına “dayandı” demək də olmaz, bunlar “qaynadılar”. Bəlkə də elə 100 dərəcə selsidə. Anam olsaydı, “içinizə od düşsün” deyərdi. Mən isə heç nə deyə bilmədim.

Sadəcə, qızımın başını yüz cür şeylərlə qata-qata növbəti stansiyada düşdüm. Məndən fərqli olaraq sən ayağını çırpmısan. Əminəm ki, yerə. Çünki, bu sənin yazdığın statusdan da bilinir:

opus

“Qışqırıb bir təpik vurdum, dedim a bala, a eşşək, heç olmasa qarşındakı balacalara bax da. Utanmırsız? Qışqırmağımdan elə bil ayıldılar, bağışlayın, bağışlayın dedilər”.

Yəqin ki, təpik onlara dəysəydi, təpikdən ayıldılar yazardın, qışqırıqdan yox. İkinci tərəfdən təpik dəyən adam qarşısındakına “bağışalayın” demir, birini də o vurur. Sadəcə, əlinə bir kitab alıb oxumayanlar bunu belə başa düşüblər. Ya da sadəcə küyə düşüblər. Yəni heç sənin yazdığını oxumadan qoşulublar səni söyənlərin sırasına. O sırada da maşallah kimlər yoxdur?

Bu məmləkətin ziyalısı da, yazarı da, şairi də, gənci də, qocası da, mühafizəkarı da, yenilikçisi də. Fikir vermə. Mənim də başıma gəlib. Ən son yadımda qalan Mövludun intiharı ilə bağlı yazdığım yazı idi. Adamlar o qədər söydülər ki, sanki rəhmətliyin ölümünə səbəb mənəm, mənim üzümdən çıxıb atmışdı özünü 17-ci mərtəbədən Mövlud. İndi əminəm yenə də söyənlər tapılacaq. Qoy söysünlər. Bunların hamısı demokrat olub, hamısının göbəyi Avropada kəsilib. Ay yalansa sizə nə deyim…

Sözə dözümsüzlüyünüz sizin nə qədər demokrat olduğunuzun göstəricisidr. Düzünü deyin, hansınız qızınızı, ya bacınızı, ya da yeddi arxa dönəninizdən birini metroda bir oğlanla cükküldəşən görsəniz sakt qarşılayarsız? Bəlkə bu mənzərədən xoşhal olub papağınızı göyə də atacaqsız? Ya da gedib qızınızın üzündən, qızınızı öpənin də nə bilim gözündən öpəcəksiz ki, “nə gözəlsiz, nə xoş rübasız siz?”

Bəsdir ikiüzlü oldunuz. Riyakarlıq bəsdir. O şeyi ki, özünüzə rəva bilmirsiz,yalandan görüntü yaratmayın. Ər-arvad tanıyıram ki, hər ikisi ictimai statusu olan adamlardır. Danışanda ağızlarına çullu dovşan sığmır. Demokratiyanın beşiyi deyib elə ağzı köpüklənə-köpüklənə danışırlar ki, sanki nənələrinin yırğalandığı taxta beşikdə onlar yox, dünyanın ən böyük demokratı yatıb. Amma “Facebook”da biri-birini bloka atıblar. Çünki arvadın yazdığı qurşaqdanaşağı statusları kişi həzm etmir, kişinin yazdıqlarını da arvad. Amma sözdə demokratdılar.

Xəqani, sən belə “sözdə demokrat”lardan qat-qat demokratsan. Səni az-çox tanıdığım üçün deyirəm. Sadəcə, hisslərini gərək bir az cilovlayaydın. Əlbəttə, düşünmüsən ki, iki gəncin hərəkəti yanındakı balalarına pis nümunə ola bilər. Amma balalarımız üçün pis nümunə hər yerdə var, qardaş. Uşaqlarımızın baxdığı multfilmlərdən xəbərin varmı?

Evimizin içinə dürtülüb 5-6 yaşlı körpələrə az qala pedofiliyanı təbliğ edirlər. Donuzlardan bəhs edən bir cizgi filmi haqda dostlar danışmışdı. Marağa oturub baxmış və bunu çəkən o donuz uşağının yeddi arxa dönəninə lənət yağdırmışdım. İndi səni didib-parçalamağa hazır olan bu gənclik bu və bu kimi multfilmlərlə böyüyür. Ona görə günü-gündən kiçilirik, ona görə ayıbımıza kor oluruq, ona görə, bir qəpiklik mənəviyyatımızla başqalarına lağlağı edir, qəhqəhə çəkirik.

Halbuki, gülməli vəziyyətdə olan özləridir. Sən maşallah, jurnalistikada öz dəsti-xətti olan, namusla-vicdanla, alın təriylə çörək pulunu qazanan adamsan. Bircə eyibin var ki, ikiüzlü, riyakar deyilsən. Olsaydın, bu gün nə banklara borcun vardı, nə də evinə metro ilə gedirdin, gözün də metroda öpüşənləri görmürdü. Bu məktubu sənə yazmaya da bilərdim.

Bunun əvəzinə müzakirəyə çıxarılası gör nə qədər mövzu var. Məsələn , sabah 31 martdır. Bilirsən ki, 1918-ci ildə ermənilər Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində 12 min insanı qətlə yetiriblər. Əslində bir millət olaraq bizim bu gün, sabah, o biri günlər də müzakirə edəcəyimiz mövzu bu olmalıydı.

Amma sosial şəbəkə, ölkə gündəmi bunu yox, metroda iki gəncin öpüşməsini prioritet seçib. Çünki öpüşmək döyüşməkdən daha maraqlı, daha cəlbedicidır. O zaman imkan ver, qoy öpüşsünlər. Hər halda, transfarmatorun içində öpüşməkdənsə, metroda öpüşmək daha yaxşıdır. Həm də təhlükəsiz.

Onsuz da şair demişkən,

“Bir şirin öpüşlə başlar sevgilər. Sonunda həmişə soğan acısı”.

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist

Gununsesi.info