Gununsesi.info həmin müsahibəni təqdim edir:

– Bir qədər özünüz haqda məlumat verin. Neçə yaşınız var, musiqi və çobanlıqla nə vaxtdan məşğulsuz və s.

– Mən Pərvin Səfərov 1985-ci ildə Neftçalanın Qaçakənd kəndində, kasıb ailədə anadan olmuşam. Kənddə böyümüşəm. Qaçakənd orta məktəbini bitirmişəm. Məktəbdə oxuyarkən qoyunçuluqla, təsərrüfatla da məşğul olmuşam. Məktəbi 6-cı sinfə qədər oxumuşam, sonra fasilə verib qoyunlara baxmışam. Həmin vaxtlarda çöldə-bayırda özüm üçün zümzümələr etmişəm, oxumuşam, xüsusən də klassik mahnılarımızı dinləmişəm.

– Musiqi savadınız yoxdur, yəni…

– Xeyr, heç vaxt müəllim yanına getməmişəm. Bizim kəndimiz çox ucqar yerdir, Neftçala və Salyandan çox uzaqdayıq. Ona görə də musiqi savadı ala bilməmişəm.

– Kiçik bir video ilə “Facebook”da məşhurlaşdız, həyatınız dəyişdi. Hansı yeniliklər oldu?

– “Facebook”da məşhurlaşmaq bir az gündəm oldu, Yəni sadəcə gündəm oldu, nəticə etibarı ilə elə bir şey olmadı. Amma inşallah gələcəkdə olar.

– Hər halda mətbuat sizdən yazdı, televiziya ekranlarında göründüz…

– Doğrudur, gündəm oldu, amma nəticə etibarı ilə bir şey əldə etməmişəm.

– Yəni, məşhurluq qazandınız, amma bunun heç bir nəticəsi olmadı, deyirsiz?

– Nəticə dedikdə Mədəniyyət və Turizm Nazirliyi mənimlə maraqlandı, sağ olsunlar, gəldilər görüşdülər. O vaxta qədər məni heç kim tanımırdı, bilmirdi.

– Sizə işlə də təmin etdilər…

– Bəli, Qaçakənd mədəniyyət evində məni işlə təmin etdilər.

– Orda nə işlə məşğul olacaqsız?

– Təşkilatçı işçi kimi gedirəm, yəni konsertlərin, tədbirlərin təşkili ilə məşğul olacam.

– İşə başlamısız, artıq?

– Aprelin 24-dən başlamışam. Amma vurğuladılar ki, sən yaradıcılıqla məşğul olacaqsan, “biz sənə mane olmayacağıq, artıq sənin üçün yol açılıb”.

– Yəni bu iş sizə yalnız maaş alasız deyə həvalə olunub.

– Əslində mən bu işi heç gözləmirdim. Mənim əsas arzum musiqi sahəsində təhsil almaq, sonra fəaliyyət göstərməkdir. Yəni onlar mənə qayğı göstərməyə çalışdılar.

– Bəs çobanlıqla hansı müddətə qədər məşğul olduz?

– Çobanlıq deyəndə öz qoyumlarımı otarıram. Çobanlıq da əslində, bir peşədir.

“Tam nəticə olana qədər qoyunlarımın yanında olacam”

– Həm də gəlirli peşədir…

– Amma mən kiminsə deyil, öz qoyunlarımı otarıram, təxminən 15 qoyunum var. Kənddə elə ağlım kəsəndən qoyunçuluqla məşğul olmuşam. Bizdə Neftçalada əsasən maldarlıqla məşğul olurlar. Hazırda da öz qoyunlarımı otarıram. Tam nəticə olana qədər qoyunlarımın yanında olacam, çünki gəlirim ordan gəlir, başqa sahədən gəlirim yoxdur.

– Buna qədər siz ekranlarda olmusuz. Hətta araşdırma aparıldı ki, siz “Səs Azərbaycan” müsabiqəsində iştirak etmisiz…

– Yox, bu barədə səhv informasiya yazılıb. Mən “Səs Azərbaycan” yarışmasında olmamışam. Yalnız əsgərlikdən gəldikdən sonra, yəni 2005-ci ildə “Yeni ulduz” layihəsində iştirak etmişəm. Sadəcə layihə mənim formatıma uyğun deyildi. Dedilər ki, “sənin formatın başqadır”. 2010-cu ildə fəhlə işləyərkən də yenidən həmin müsabiqəyə qatıldım, özümü sınadım.

– Bəs necə oldu, münsiflər ifanızı bəyənmədi, yoxsa necə?

– İfamı bəyəndilər, sadəcə onlar müasir estrada ifaçısı axtarırdılar. Mən isə klassik estrada mahnıları oxuyuram. Daha sonra “Xalq ulduzu” yarışmasına qatıldım. Orda da mən savadlı şəkildə ifa etmədim, çünki savadım yoxdur.

– Amma yaxın vaxtlarda artıq təhsil alacaqsız…

– İnşallah… Mayın 1-də Milli Konservatoriyaya dəvət aldım. Şəxsən xalq artisti, professor Səyavuş Kərimi məni dəvət etmişdi. Mənimlə görüşdü. Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova kiçik müsabiqə təşkil etdilər, məni dinlədilər, ifamı müsbət dəyərləndirdilər və təklif edilər ki, qarşıdakı imtahanlarda iştirak edim, konservatoriyanın nəzdindəki kollecdə təhsil alım.

– Amma məlumat yayıldı ki, siz kollecə imtahansız qəbul olunacaqsız…

– İmtahansız dedikdə, Səyavuş müəllim qeyd etdi ki, qabiliyyətdən keçsəm də, test imtahanından keçə bilməyəcəm, çünki məktəbi çoxdan bitirmişəm. Ona görə də imtahanda iştirak edəcəm, amma test imtahanlarında köməklik göstərəcəklər. Sadəcə imtahan üçün qeydiyyata düşməliydim. Artıq imtahanlara qeydiyyat vaxtı da bitib. Onlar məktub vasitəsi ilə Məleykə Abbaszadəyə (Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri) müraciət etdilər ki, məni də qeydiyyata alsınlar.

“Dedilər ki, 400 dollar gətir, səni kollecə qəbul edək”

– Ailənizdə kimsə sizin ifaçı olmağınıza qarşı gəldimi?

– Əvvəllər bəzi dost-tanış deyirdi ki, “get özünə sənət tap, bu, peşə deyil”. Lakin mən həvəsdən düşmədim. Atam da bu məsələyə neytral yanaşdı, anam isə əsgərlikdən gəldikdən sonra mənə dəstək oldu ki, musiqi təhsili alım. Mən sənədlərimi Lənkəran musiqi kollecinə verdim. Qabiliyyətdən keçdim, amma dedilər ki, 400 dollar gətir, səni qəbul edək.

– Bir ifanız sizi işlə təmin olunmağınıza, gələcəkdə təhsil almağınıza səbəb oldu, daha hansı dəyişikliklər oldu? Mən diqqət etdim ki, siz bu yaxınlarda köhnə “İnstagram” səhifənizi geridə qoyub, yeni profilinizi açmısız.

– Yox, mən o səhifəni işlətmirəm. Tanış-biliş uşaqlar, xaricdə bir xanım var, o, profilimi açıb, mənə dəstək kimi…

– Pərəstişkarınızdır?

– Bəli…

– Sizin məlum ifanız yayıldıqdan sonra təzəsini açdı?

– Yox, bu məsələ təsadüfən eyni vaxta düşdü. Mənim “İnstagram” səhifəm var, “Pərvin 85” adlanır. Amma mən “İnstagram”dan çox da istifadə etmirəm.

– Ailəlisizmi?

– Xeyr, subayam… Əsas yenilik bu oldu ki, dövlət tərəfindən mənə diqqət, qayğı göstərildi, şans verildi.

– Həmin ifanız yayıldıqdan sonra təbii olaraq geniş müzakirə olundu. Bəziləri iddia etdi ki, siz bilərəkdən piar xətrinə arxa fonda qoyunları göstərmisiz. Yəni, buna qədər ifanızla məşhurlaşa bilmədiyiniz üçün bu üsula əl atmısız.

– Bəli, bəziləri şərhlər yazmışdılar ki, mən bununla özümü reklam etmişəm, hətta toylara da gedirəm. Amma heç zaman mən toylara ifaçı kimi getməmişəm, heç marağım da olmayıb ki, istedadımı toylarda göstərim, maddiyyat əldə edim. Sadəcə həvəsim olub ki, öz istedadımı göstərim.

– Amma sosial şəbəkələrdə sizin şəkillərinizi görmüşəm, hansısa məclislərdə əlinizdə gitara var, məşhur müğənnilər ilə bir arada olmusuz və s…

– Yox, bu, sadəcə dost-tanışlar olub, hətta gitara ilə də oxumuşam. Amma mən bu videonu çəkdikdən sonra daha maraqla qarşılandı. Bir daha qeyd edirəm ki, həmin videonu reklam xətrinə çəkməmişdim. Yəni, təsadüfən olub.

– Bəs indi sizi toylara dəvət edirlərmi?

– Dəvət dedikdə, musiqiçilərdən dəvətlər gəldi.

– Hansı musiqiçilərdən?

– Məşhurlar deyil, sadəcə rayon musiqiçiləri idi. Amma mənim bir məqsədim var, təhsil almaq, öyrənmək, xüsusən də milli musiqimizi doğru təbliğ etməkdir.

– Yəni, gələcəkdə toylarda oxumağı düşünmürsüz…

– Bəlkə də ola bilər.

– Məlum məsələdir ki, ölkəmizdə müğənnilərin əsas gəliri toylardan çıxır…

– Gələcəkdə ola bilər. Amma hazırda sırf məqsədim təhsil almaq, peşəkar musiqiçi olmaqdır.

– Gitarada ifa etməyi bacarırsızmı?

– Xeyr, heç bir musiqi alətində ifa edə bilmirəm. Amma çox istəyərdim ki, fortepianoda ifa etməyi bacarım.

“Deyirlər ki, gör nə günə qalmışıq ki, çoban da gəlib oxudu”

– Gələcəkdə hansı üslubda oxumaq istəyirsiz?

– Özümü daha çox vokal üslubunda görürəm. Səyavuş müəllim də təklif etdi ki, vokal dərsləri alım. Bəzən şərhlərdə yazırlar ki, “gör nə günə qalmışıq ki, çoban da gəlib oxudu”. Axı çoban da bir insandır, vətən övladıdır. Hər kəs alim olsa… Mən dünən konservatoriya söhbətindən sonra bu cür şərhləri gördüm.

– Amma yəqin ki, bilirsiz, həmin kollecə daxil olmaq çoxlarının arzusudur və bu, çox çətindir. Sizin üçün isə asan yol açıldı. Bəlkə də bu cür şərhlər qısqanclıqdan doğub…

– Bəlkə də… Amma cəmiyyətimiz çox gözəldir. Mənim bugünkü səviyyə gəlib çatmağımda cəmiyyətin rolu böyükdür. Cəmiyyətdə mənim ifama müsbət rəylər bildirildi, dəstək oldular. Amma bəzi şərhlər də yazan oldu.

– Bəs çobanlığın hansı çətinlikləri var?

– Çobanlığın qışda, qarda, yağışda qoyun otarması var, qoyunları bəsləmək, altını təmizləmək və s. çətinlikləri var.

– Sizdən başqa məharətli ifa etməyi bacaran başqa çobanlar da varmı?

– Əlbəttə var. Sadəcə bir şey var ki, mən daha çox klassik musiqini sevirəm. Amma çöldə qoyun otaran çobanlar adətən muğam oxuyur.

“Xaricdəki pərəstişkarım ilə evlənəcəm”

– Bir az öncə qeyd etdiz ki, xaricdə yaşayan bir qız pərəstişkarınız sizin üçün “İnstagram” profili açıb. Ümumiyyətlə gələcəkdə xarici xanımla evlənməyi düşünürsüzmü?

– Bəlkə də bu il oldu (gülür).

– Həmin xarici qızla?

– (Gülümsəyir) Belə bir plan var. Amma xarici deyil, Gürcüstanda yaşayan azərbaycanlı xanımdır”.

a89ef3da894d

Gununsesi.info