“Xarici agentlər haqqında” qanunu imzalandı

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.

Qanun Papuaşvilinin imzası ilə qüvvəyə minib.

Qərarın qəbulu zamanı parlamentin qarşısına minlərlə müxalifət tərəfdarı və etirazçı toplaşmışdı. Səsverməni boykot edən müxalifət deputatları da onlara qoşulmuşdular.

Etirazçılar iqtidar deputatlarını “vətən xaini” və “Putinin nökərləri” adlandırırdılar.

Etirazçılardan kimsə parlamentin divarına “Kremlin filialı” sözlərini yazmışdı.

Mitinq iştirakçıları habelə ABŞ və Avropa İttifaqını vədlərinə əməl edərək Gürcüstan hakimiyyətinə sanksiyalar qoymağa çağırırdılar.