Xarici səyyahlar “Ağıllı kənd” layihəsi ilə tanış olublar

  • By admin
  • 18 Fevral 2022 10:14

Xocalı soyqırımının 30 illiyi ərəfəsində işğaldan azad edilmiş ərazilərə səfər edən xarici səyyahlar fevralın 18-də Zəngilan rayonunda olublar.

Gununsesi.info xəbər verir ki, Zəngilan şəhərinə səfər zamanı qonaqlar “Ağıllı kənd” konsepsiyası ilə tanış olublar. Zəngilan rayonunda ilk “Ağıllı kənd”in inşasının başa çatmaq üzrə olduğu səyyahların diqqətinə çatdırılıb. Qeyd edilib ki, bu kənd azad olunmuş ərazilərə qayıdışın ilk məntəqəsi olacaq. Kəndin inşasında çoxsaylı innovativ yanaşmalar tətbiq edilib. Kənddə enerjiyə tələbat “Yaşıl enerji” sistemi ilə təmin olunacaq. Dayanıqlı enerji təminatı Həkəri çayı üzərində inşa edilən Arximed qurğusu tipli su elektrik stansiyaları vasitəsilə həyata keçiriləcək. Arximed qurğusu vasitəsilə alınan enerji hesabına kənd öz enerji tələbatını ödəyəcək. “Ağıllı kənd”də evlərin dam hissəsində yerləşdirilən vakuum Günəş kollektorları vasitəsilə enerji toplanaraq mənzilin və suyun qızdırılmasında istifadə ediləcək. Evlərdə quraşdırılacaq anod-katod sistemləri otaqları daha az enerji sərfiyyatı ilə qızdırmağa imkan verəcək. “Ağıllı kənd”də, həmçinin “Ağıllı kənd təsərrüfatı” sistemi üzrə camışçılıq ferması, “Ağıllı ictimai ferma” istifadəyə veriləcək, emal müəssisələri yaradılacaq, dəyər zənciri formalaşdırılacaq.

Daha sonra qonaqlar Füzuli rayonuna gələrək Zəngəzur dəhlizinin bu ərazidən keçən hissəsində olublar.

Səyyahlara dəhliz haqqında məlumat verilib. Qeyd edilib ki, Zəngəzur dəhlizi Tərtər və Arpa çaylarının yuxarı axarlarından Araz çayınadək gedib çıxır, uzunluğu təqribən 130 kilometr, hündürlüyü isə 3904 metr olan dağ silsiləsi bütün Zəngəzur mahalı boyu uzanır.

Səfər iştirakçıları Zəngəzur dəhlizinin kifayət qədər böyük iqtisadi potensiala və təbii ehtiyatlara malik olması, regionlararası iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaratması haqqında məlumatlar əldə ediblər.

Gununsesi.info