Bu ilin 10 ayının nəticələrinə görə, xarici ticarət dövriyyəsi 23.2 faiz azalıb.
Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bu ilin yanvar-oktyabr aylarında ticarət əməliyyatlarının həcmi 14.1 milyard dollar olub.
İdxal əməliyyatları ötən ilin müvafiq dövrünə nisbətən 6.64 faiz azalaraq, 6 milyard 957 milyon 998 min dollar təşkil edib.
Təəssüf ki, ölkəyə daxil olan valyutanın da həcmi 34.5 faiz azalıb. Belə ki, ölkənin ixracı 7.2 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34.5 faiz azalma deməkdir.
Ticarət dövriyyəsinin saldosuna gəlincə, 10 ay üçün 237.7 milyonluq müsbət olsa da, oktyabr ayında ölkədən çıxan vəsait 111 milyon dollar olmaqla, mənfi saldo ilə başa vurub.
İxracdakı əsas azalma neft-qaz sektorunda müşahidə edilsə də, qeyri-neft sektorunun ixracında ciddi azalma var – ötən ilin 10 ayı ilə müqayisədə 355 milyon dollar (26.5%) .
Bəzi məhsullar üzrə azalma həddən artıq böyükdür. Məsələn, bitki və heyvan mənşəli yağların ixracı 10 dəfə, çay ixracı 3 dəfə, şəkər ixracı 3.5 dəfə azalıb.Artım, əsasən, qara metallarda olub. Bu sektordan ixrac 3 dəfə artıb.
İqtisadçı ekspert Nemət Əliyevin sözlərinə görə, xarici ticarət dövriyyəsində mənfi saldonun əmələ gəlməsi ölkənin valyuta itkisinin çox olması deməkdir: “10 ayın yekununa görə müsbət saldo olmasına baxmayaraq, amma 3-4 ayın ticarət dövriyyəsində bu göstərici mənfi olub”.
İqtisadçı bildirir ki, valyuta itkisi təkcə ticarət dövriyyəsində deyil, tədiyyə balansında olan xidmət sektorunda da müşahidə edilir: “Belə ki, xarici dövlətlər edilən xidmət sektorunda da mənfi saldo müşahidə edilir. Bu sahədə valyuta itkisinin həcmi təqribən 2 milyard dollardan çoxdur. Tədiyyə balansının bu ilin 6 aylıq göstəricilərində ölkənin ümumi ödəniş balansında 6 milyard dollarlıq kəsir var. Əvvəlki illərlə müqayisədə Azərbaycanın valyuta itkisi böyüməkdədir.
Belə bir vəziyyətin yaranması Azərbaycan iqtisadiyyatı, sosial yaşayışı üçün yaxı perspektiv vəd etmir. Bəzi ölkələrdən gətirilən məhsulların idxalını zəiflədəcək. İstehsal məqsədi üçün gətirilən xam malların alınmasında problemlər yaşanacaq. Bazarımızın 70 faizi xaricdən asılıdır. Xarici ticarətdə vəziyyətin bu cür hal alması istehlak bazarının boşalmasına, qiymətlərin artmasına gətirib çıxara bilər”.
N.Əliyev deyir ki, belə bir vəziyyətin yaranması ölkənin qeyri-neft sektorunun zəif inkişafı ilə bağlıdır: “Yaranmış vəziyyətdən çıxmaq üçün ölkənin qeyri-neft sektorunun inkişaf etdirmək və ixrac yönümlü istehsal qurmaq mümkün olmasa, problem daha da dərinləşəcək. Bütün bunlar isə əhalinin yaşayış səviyyəsinə təsir göstərəcək. Hökumət kredit qoyuluşlarının, investisiyaların artmasına şərait yaratmaq əvəzinə, bu istiqamətdə yatırımlar ölkə istisadiyyatını sürətlə tərk etməkdədir”.
İqtisadçı bildirir ki, idxalın azalmasının səbəbi məhz xaricə valyuta axınının qarşısının alınmasıdır: “Bizim hökumət bazarlarda təklifi azaltmaqla xarici ölkələrə valyuta axının qarşısını almaq istəyir. Amma bu istiqamətdə də nəticə yoxdur. Dediyim kimi, 6 milyard dollarlıq kəsir yaranıb. Hökumət başqa yollar tapmalıdır. Yalnız xarici ticarət dövriyyəsinə köklənməklə müsbət irəliləyişə nail olmaq mümkün deyil. 6 ay ərzində Azərbaycanı tərk edən investisiyalar ölkəyə daxil olan investisiyalardan 2 milyard dollar çoxdur. Bütün bunların qarşını almaq üçün hökumət real addımlar atmalıdır”.
Vüsalə Rüstəmova
Gununsesi.info