Xarici ticarət dövriyyəmiz açıqlandı

  • By admin
  • 18 Sentyabr 2022 09:30

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 30 milyard 653,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 23 milyard 159,4 milyon dollar, idxalın dəyəri 7 milyard 493,8 milyon dollar təşkil edib, nəticədə 15 milyard 665,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,7 faiz, real ifadədə isə 7,2 faiz artıb. İxrac real ifadədə 12,3 faiz artıb, idxal isə 2,3 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,6 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Çexiya, Xorvatiya, Gürcüstan, İspaniya, Ukrayna, Portuqaliya, İsveçrə, Qazaxıstan, Tunis, ABŞ, Vyetnam, İran, Tailand və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiyanın, 16,2 faizi Türkiyənin, 14,9 faizi Çinin, 4,4 faizi Almaniyanın, 4,2 faizi Qazaxıstanın, 3,5 faizi İranın, 3,2 faizi ABŞ-ın, 2,3 faizi İtaliyanın, hər biri 2,0 faiz olmaqla Ukrayna və Yaponiyanın, hər biri 1,9 faiz olmaqla Türkmənistan və Koreyanın, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Fransanın, 1,6 faizi Hindistanın, 1,1 faizi Belarusun, hər biri 1 faiz olmaqla Özbəkistan və Braziliyanın, hər biri 0,9 faiz olmaqla Gürcüstan və İndoneziyanın, hər biri 0,8 faiz olmaqla Polşa və Vyetnamın, 13,1 faizi isə digər ölkələrin payına düşüb. İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxal olunan malların 63,5 faizini avtomobil, 18,5 faizini dəmir yolu, 10,6 faizini hava, 6,8 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,6 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

Gununsesi.info