Xarkovdakı konsulluğumuza hücum Azərbaycanın ərazisinə edilən təcavüz kimi də qiymətləndirilməlidir - FƏZAİL AĞAMALI

  • By admin
  • 07 Mart 2022 21:15

AVP sədri, deputat Fəzail Ağamalı Rusiyanın Azərbaycanın Xarkovdakı konsulluğunu raket zərbəsinə məruz qoymasına münasibət bildirib.

Gununsesi.info deputatın açıqlamasını təqdim edir:

“Rusiya raketlərinin Xarkova yağış kimi yağdırılmasının Azərbaycanın fəxri konsulluğunun binasını zərbə altına qoymasından təəssüflənirəm. Nəticədə orada dağıntılar baş verib. Xoşbəxtlikdən soydaşlarımız arasında itkiyə yol verilməyib. Beynəlxalq hüququn bütün norma və prinsiplərində belə hal qətiyyən yolverilməzdir. Çünki həmin ərazi müharibə etməyən bir ölkənin, yəni Azərbaycanın ərazisi hesab olunur. Bu həm də Azərbaycanın ərazisinə edilən təcavüz kimi də qiymətləndirilməlidir. Azərbaycan dövləti kifayət qədər təmkinli və müdrik mövqe nümayiş etdirməkdədir. Eyni zamanda Azərbaycan xalqı Rusiyanın Ukraynaya təcavüzündən doğan humanitar böhranın aradan qaldırılmasında bütün dünya xalqları ilə birgə səylərini ortaya qoyur, bu müharibəyə yox deyir. Tezliklə bu müharibə dayanmalıdır. Kreml və onun hərbi-siyasi rəhbərliyi Ukrayna xalqının qırğınına son qoymalıdır. Rusiya tərəfi bütün dünyada bu müharibəyə yox deyən insanların səsini eşitməlidir və Ukrayna rəhbərliyi ilə bir masa arxasında oturub problemləri dinc yolla həll etmək üçün iradəsini ortaya qoymalıdır. Əgər bu olmazsa, Ukrayna ilə bərabər Rusiya da itkilərlə üzləşəcək və özünün də dövlətçiliyi ciddi təhlükə altında qalacaq”.

 

Gununsesi.info