1990-cı ildə qapımız döyüldü. Gələn cavan bir kişi idi, üzbəüz binada yaşayan qonşu olduğunu dedi və təklif elədi ki, həyətdə birmərtəbəli balaca bir “Xeyir-Şər” evinin tikilməsi üçün toplanaq, müzakirə edək, hərəyə cüzi maddi vəsait yığaq.
Bakının köhnə məhəllələrində çoxdur belə evlər. Təəssüf ki, bu evlər ancaq yas, nişan kimi mərasimlər üçün nəzərdə tutulur, şadlıq evləri və məscidlərin mərasim zalları ortaya çıxandan isə onların qapıları il uzunu bağlı qalır.
Əminliklə demək olar ki, birazdan həmin evlər istifadəsiz qaldığı üçün dövlət qərarıyla söküləcək.
20-ci əsrin böyük filosoflarından biri, xoşbəxtlikdən hələ də sağ olan Jürgen Habermas-ın sosiologiyaya gətirdiyi bir termin var, “Öffentlichkeit”, yəni ictimai sfera.
Bu, elə bir şeydir ki, insanlar qapalı bir məkanda otururlar, bir-birlərinin maraqlarına, cəmiyyətə aid problemləri müzakirə edirlər və həmin müzakirələr dövlətin siyasətinə təsir göstərir.
Habermas deyir, biz o toplantıları ictimai adlandırırıq ki, onlar hamının üzünə açıqdır, bu da dövlət siyasətini təyin edən hakim sinfin, seçilmiş adamların qapalı toplantılarından çox fərqlənir.
İctimai – nə deməkdir? İctimai ilk növbədə Şəxsi sözünün əksi deməkdir. İctimai – ümumi, hamımıza aid məsələlər deməkdir.
“İctimai sfera” müasir cəmiyyətlərdə bir növ qədim yunanlarda teatrın oynadığı rolu oynayır. Bu toplantılara yığışan insanlar bir-birləriylə, öz icmalarındakı adamlarla danışmaq vasitəsilə siyasi həyatda iştirak etmiş olurlar. Orada ictimai rəy formalaşır.
“İctimai sfera” dövlət anlayışından çox fərqlənir. Dövlətə hörmətlə yanaşı, bu toplantılarda bəzən dövlət, onun siyasəti tənqid olunur.
Hökumətin apardığı rəsmi iqtisadi siyasət haqda xalqın özü tərəfindən xalq müzakirələri aparılır. Tam azad toplantılar. Şüarçılığa, qışqırığa, mikrofona, çıxışa yox, sırf söhbətə, danışığa, müzakirəyə əsaslanan toplantılar.
Xalq üçün belə toplantıların faydası həm də odur ki, bunlar dövlətin avtoritarlığına qarşı tənzimləyici işi görür.
Yadınızdadır da, sovet televizorlarının yanında “stabilizator” adlı qutu kimi bir cihaz da olardı. O, televizor ilə qəfil azalıb-çoxalan elektrik verilişi arasında tənzimləyici rolu oynayırdı.
İctimaiyyət öz taleyini “siyasət” adı ilə şəxsən tanımadığı seçilmiş azsaylı nümayəndələrə tapşırmaqdansa, ictimai sağlamlıq, ictimai təhsil kimi hamının marağında olan məsələlərdə öz taleyinə yiyə durur.
İctimai rəyi siyasi iştiraka keçirmək üçün belə toplantılar zəruridir. Hökumət də yaxşı hökumət olaraq, ictimai sferaya qulaq asmalıdır.
Habermas deyir ki, ictimai sfera – tənqidi ictimai debat aparan cəmiyyət deməkdir.
Toy və yasdan başqa xeyir-şər yoxdur?
Yəni, bu Xeyir-Şər evləri boş qalmaya da billər. Niyə Xeyir və Şər deyiləndə ancaq doğum və ölüm, toy və yas başa düşülməlidir? Özgə xeyir, özgə şər yoxdurmu? Bu camaatın özgə dərdi yoxdurmu?
Biz bütün günü nərd vuran təqaüdçülərimizin də gücünə inanırıq. Onlar hazır təbliğ olunmuş “ağsaqqal” statusuna da malikdirlər.
Arzu edərdik ki, onlar ayda bir dəfə nərdtaxtanı bağlasınlar, televizoru söndürsünlər, şəhərdədirlərsə, qapıldıqları mənzillərdən çıxsınlar, kənddədirləsə, həyətdə yeni ev tikdirmək eşqindən qopsunlar, o Xeyir-Şər evlərində bir yerə toplanıb öz həyat təcrübələri əsasında ictimai məsələlər haqqında söhbət edib, nəvə-nəticələri üçün bir gün ağlasınlar.
Desinlər ki, biz dövlətə hörmət edirik, onun qanunlarından tutmuş cərimələrinə qədər dinləyirik, əməl edirik, dövlət də, hökumət də ictimai fikri dinləməlidir.
Bidiyiniz kimi, bioloji təkamüldə ehtiyac olmayan bədən orqanları zamanla sıradan çıxır. Mühit dəyişildikcə canlıların təbiəti də dəyişilir.
Uzağa getməyək, şəhər mühitində gözlər tez zəifləyir. Çünki şəhər mühitində oxuma-yazma, yaxıngörmə daha çox gərəklidir, nəinki uzaqgörmə.
Göz təbabətinə görə, açıq havada gəzmədikcə, uzaqlara baxmadıqca göz öz uzaqgörmə funksiyasını tədricən itirir.
Eləcə, ictimai fikir də sıradan çıxacaq, çünki biz ondan artıq istifadə etmirik, bizim üçün onu çoxdandır ki, dövlət və televizor əvəz edir.
Belə getsə, ictimai fikirdən danışmaq artıq itib-getmiş, mövcud olmayan quyruqdan danışmaq kimi bir şey olacaq, halbuki, klassik yunan demokratiyasında ictimai fikir nə qədər akiv idi.
Sərbəst toplaşmaq heç də təkcə ayaq üstə mitinq keçirmək, şüar səsləndirmək deyil. Üstəlik, kütləvi mitinqlər öz mənasını itirib.
Elə mitinqlərdə də bir qrup insan danışır, digərləri dinləyir və əl çalırlar. Bunun heç bir əhəmiyyəti və gözəlliyi yoxdur.
Biz sərbəst toplaşmalıyıq, – əyləşmək, içində olduğumuz akvarium haqda sakit tərzdə söhbət etmək, onu müzakirə etmək üçün.
BBC