
Xarici İşlər Nazirliyində sturuktur dəyişikliyi və yeni təyinatlar davam edir.
Gununsesi.info -nun əldə etdiyi məlumata görə, Nazirliyin iki idarəsi ləğv olunaraq, onların bazasında Əmlakların İdarə Olunması və İnformasiya Təhlükəsizliyi İdarəsi yaradılıb.
Nazir Ceyhun Bayramovun əmri ilə Şahin İsgəndərov sözügedən idarənin rəisi təyin edilib.
O, bu təyinata qədər XİN-ın İşlər İdarəsinin rəisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, Ş.İsgəndərov Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə Maliyyə və kredit ixtisası üzrə magistr təhsili alıb. 2012-2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib.
1999-2005-ci illərdə Təhsil Nazirliyində mühasib, aparıcı mühasib, 2005-2010-cu illərdə Təhsil Nazirliyinin aparatında təsərrüfat müdiri, 2010-2013-cü illərdə Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsində baş mühasibin müavini, 2013-cü ildə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini vəzifələrində çalışıb.
Ş.İsgəndərov 2013-2020-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri və BŞTİ-nin müdir müavini vəzifələrində çalışıb.
Xatırladaq ki, bundan əvvəl Anar Nəcəfli Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə, Ramil Rzayev isə Asiya İdarəsinə rəis təyin ediliblər.
Gununsesi.info