Avropa İttifaqının xarici siyasət məsələləri üzrə mətbuat katibi Peter Stano siyasətçi Qubad İbadoğlunun istintaq dövrü üçün həbs müddətinin uzadılmasını qınayan açıqlama yayıb.
Sözçü bildirib ki, Avropa İttifaqı görkəmli alim və fəal Qubad İbadoğlunun həbs müddətinin 7 aya qədər uzadılması qərarından təəssüflənir:
“Biz Azərbaycan hökumətini onun lazımi tibbi yardıma əlçatımlılığını, həmçinin fəal Bəxtiyar Hacıyevin dərhal azad edilməsini təmin etməyə çağırırıq”, – deyə Peter Stano bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacıyev Avropa İttifaqının və bir sıra təşkilatların Azərbaycandakı siyası məhbusların, xüsusilə Qubad İbadoğlunun çağırışlarını şərh edib.
Gununsesi.info-nun məlumatına görə nazirlik sözçüsü bu çağırışları qanunuz adlandırıb.
“Qanuni istintaq hərəkətlərinə hər hansı müdaxilə təkcə qanunsuz deyil, həm də siyasi cəhətdən səhvdir. Sözügedən Qubad İbadoğlu və Bəxtiyar Hacıyev barəsində qanunla müəyyən edilmiş müvafiq cinayət işi aparılır və buna hörmət edilməlidir” – A.Hacıyev X sosial şəbəkəsində yazıb.
Qubad İbadoğlu iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham irəli sürülüb.
İyulun 24-də Nərimanov Rayon Məhkəməsinin barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçdiyi müxalif siyasətçinin həbs müddəti ötən gün daha 3 ay uzadılıb.
Q.İbadoğlu verilmiş ittihamla özünü təqsirli bilmir və həbsini siyasi fəaliyyəti ilə bağlayır.
Gununsesi.info