XİN-dən İrana cavab

İranın Azərbaycandakı Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non grata” elan edilməsi ilə bağlı İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 7 aprel tarixli şərhi qərəzli və emosionaldır.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

Azərbaycan tərəfindən görülmüş tədbirin qonşuluq prinsiplərinə zidd olduğu barədə İran tərəfinin iddiası ilə bağlı bildiririk ki, Azərbaycan ərazisində qanunsuz fəaliyyət qonşuluq əlaqələri ilə uzlaşmır və atılan addımlar Vyana Konvensiyası çərçivəsindədir.

İslam həmrəyliyi dindən siyasi məqsədlər üçün istifadəni, müsəlman qonşuların daxili işlərinə müdaxiləni istisna edir, eyni zamanda digər müsəlman ölkənin ərazilərinin hərbi işğalına dəstəyi ehtiva etmir.

Azərbaycan öz qonşuları ilə münasibətləri daim qarşılılıq prinsipi əsasında qurub bu münasibətlərin pozulmasında heç zaman maraqlı olmayıb. Azərbaycan tərəfindən görülən adekvat tədbirlər hər zaman təxribatçı və təhrikçi addımlara cavab olub.

 

Şəbnəm

Gununsesi.info