

Rəsmi Bakı qondarma Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanın Brüssel səfərinin uğursuzluqla nəticələnməsi ilə bağlı erməni mediasının səsləndirdiyi bəhanələrə aydınlıq gətirib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı mətbuata açıqlama verən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, “19 noyabr tarixində KİV-ə verdiyimiz məlumata əlavə olaraq bildiririk ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə Brüsselin məşhur “Palais des Beaux Arts” sarayında keçirilməsi nəzərdə tutulan konsert proqramının da ləğv edilməsi təmin olunub”.
“Məlumat verdiyimiz kimi, bu tədbirlər məqsədilə Brüsselə səfər etməyi planlaşdıran qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın səfərinin də ləğv edilməsinə nail olunub.
İndi Ermənistanın dövlət təbliğat maşını müxtəlif yalan və bəhanələrlə bu uğursuzluğa bəraət qazandırmağa çalışır.
Qondarma rejimin Brüsseldə təbliği ilə əlaqədar nəzərdə tutulan təxribatçı tədbirlərin qarşısının alınmasında Azərbaycan Respublikasının Milli Məclisinin rolu xüsusi olaraq qeyd edilməlidir”
H. Hacıyev əlavə edib ki, Milli Məclis tərəfindən bu istiqamətdə zəruri önləyici addımlar atılıb: “Belə ki, Belçikanın qanunverici orqanı, Avropa Parlamenti və digər aidiyyəti tərəflərlə davamlı iş aparılıb”-deyə, o, qeyd edib.
Mürtəza
Gununsesi.info