“Xocalı soyqırımı özünü türk hesab edən hər kəsin problemidir” – MÜBARİZ MƏNSİMOV

  • By admin
  • 25 Fevral 2018 00:20

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Xocalı soyqırımının özünü türk hesab edən hər bir şəxsin problemi olduğunu qeyd edib.

Gununsesi.info Türkiyənin “Doğan” informasiya agentliyinə istinadən xəbər verir ki, 26 il öncə törədilmiş faciədən danışan Mənsimov ermənilərin buradakı insanları türk olduqları üçün öldürdüyünü, hətta bu faktın düşmənlərimiz tərəfindən təsdiq edildini vurğulayıb:

“Bu, qətliam yox, soyqırımdır. Bir qrup insanın məqsədli şəkildə milliyyətinə görə öldürülməsi məhz soyqırımdır. Xocalıda bu vəhşiliyi törədən ermənilərin bəziləri insanları türk olduqları üçün öldürdüklərini təsdiqləyirlər. Fikir verin, dinc insanlar Azərbaycan vətəndaşı olduqları üçün deyil, məhz türk olduqları üçün qətl ediliblər. Bu səbəbdən Xocalı faciəsi təkcə Azərbaycan türklərinin deyil, özünü türk hesab edən hər bir şəxsin problemidir”.

İş adamı, həmçinin bir sıra beynəlxalq qurumun mövzu ilə əlaqədər heç bir tədbir görmədiyinə diqqət çəkib:

“Biz bunu dünyaya nə qədər göstərmək istəsək də, onlar başa düşmür. Avropa Birliyi və BMT məsələyə birtərəfli münasibət bəsləyir. Hətta bəziləri qondarma “erməni soyqırımı”nı qəbul edir. Biz buna görə dünyanı qınayırıq. Xocalı faciəsində yaşananları hər gün önə çəkməliyik”.

Hollandiyanın da qondarma “erməni soyqırımı”nı tanımasını şiddətlə qınayan Mənsimov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəfələrlə tarixi arxivlərin açılmasına cəhd etdiyini, lakin Ermənistanın öz mənafeyi uğrunda buna razı olmadığını qeyd edib:

“Ermənistan tarixçilərin ortaq araşdırma aparmasını istəmir. Çünki I Dünya müharibəsi dövründə ermənilər Anadoluda, həmçinin Azərbaycanın tarixi torpaqları olan Zəngəzur və Göyçədə, o cümlədən Qarabağda qətliamlar törədiblər. 1980-ci illərin sonlarından etibarən onlar Azərbaycana dəfələrlə hücum edib, dinc vətəndaşları xüsusi amansızlıqla öldürüblər. 26 fevral 1992-ci ildə ermənilər Xocalı soyqırımını törədiblər. Hollandiya Parlamentini birtərəfli münasibətə son qoyub ədalətli və bitərəf mövqe tutmağa səsləyirəm”.

Gununsesi.info