Xocalı soyqırımına həsr olunan rəsm sərgisi təşkil edilib - FOTOLAR

  • By admin
  • 24 Fevral 2017 16:03

unnamed (13)

Xocalı faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Xocalısız 25 il” mövzusunda keçirilən müsabiqənin yekun sərgisi təşkil edilib.

BŞTİ-dən Gununsesi.info-ya verilən məlumata görə, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında keçirilən sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin sektor müdirləri, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin əməkdaşları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva müsabiqənin Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə keçirildiyini bildirib. İdarə müdiri qeyd edib ki, gənclərimiz ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman mübarizə aparmağa hazırdır və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə inanırıq.

Məhəbbət Vəliyeva bu gün bütün ümumi təhsil müəssisələrində ilk dərslərin Xocalı soyqırımına həsr olunduğunu bildirib. BŞTİ-nin müdiri şagirdlərə Azərbaycanın qəhrəmanlıq dolu şanlı tarixi günlərini, qan yaddaşımıza yazılmış faciələrini unutmamağı, hər zaman xatırlamağı tövsiyə edib.

Tədbirdə çıxış edənlər 25 il bundan əvvəl erməni terrorçularının Xocalıda törətdikləri vəhşilikləri iştirakçıların nəzərinə çatdırıb, XX əsrin Azərbaycan xalqının həyatına, tarixinə şanlı qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıblar.

Tədbirdə ağlasığmaz dəhşətləri ilə dünyanı lərzəyə gətirən Xocalı soyqırımı barədə geniş məlumat verilib. Həmin gecə 613 nəfərin şəhid olduğu, 1275 nəfərin əsir götürüldüyü şagirdlərin bir daha diqqətinə çatdırılıb.
Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hislərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə, ədəbi-bədii kompozisiyalarda ifadə ediblər.

Çıxışlardan sonra əl işlərinə baxış keçirilib. Sərgidə “Xocalısız 25 il” mövzusunda keçirilən müsabiqəyə təqdim olunan 600 rəsmdən 200-ü nümayiş etdirilib. Rəsmləri çəkən şagirdlər Xocalı faciəsini gözləri ilə görməsələr də, öz müəllimlərindən, dərnək rəhbərlərindən bu faciə ilə bağlı aldıqları məlumatları, təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər. Rəsmlərdə həmin gecənin dəhşətləri, yüzlərlə insanın al qanına qəltan edilib qətlə yetirilməsi, düşmənin kimsəyə aman verməməsi, kafir erməninin o gecədə ağbirçək anaya, ağsaqqal qocaya, südəmər körpəyə də güllə atmasından bəhs olunur.
unnamed (16) unnamed (15) unnamed (14)
Anar
Gununsesi.info