Xocalıda 2 yaşında ikən ölü bilinib, meşəyə atılan körpənin müsahibəsi - FOTOLAR

  • By admin
  • 26 Fevral 2021 14:27

“Fevralın 25-dən 26-a keçən gecə Xocalıda meşədə qaçanda buzdamışam. O vaxt 2 yaş yarımlıq olmuşam. Mən və qardaşım Murad əkizik. Hamı elə bilib ki, ölmüşəm, anama deyiblər ki, at meşədə gəl. Amma anam deyib ki, oğlumu atmayacam, uşağımın meyidini özümlə aparacağam. Sonra od qalayıblar, uzun müddətdən sonra isinib özümə gəlmişəm, əllərim tərpənib”.

 

HTML tutorial

Gununsesi.info xəbər verir ki,bunu Moderator.az-a açıqlamasında Xocalıda əsir düşən Quliyev Fuad deyib. O daha sonra əlavə edib.

Fuad deyir ki, Xocalı faciəsi ümumbəşəri bir faciədir.

“Nənəm deyir ki, 25 fevralda axşam saatlarında sakitçilik idi. Ermənilər qəfildən gecə vaxtı Xocalını atəşə tutublar. İşıqları söndürüb, qazları kəsdiyindən nənəm gəlib bizi öz evinə aparıb. Amma o qədər atəş açıblar ki, nənəmgilin evləri iki mərtəbə olub, biz yuxarı çıxa bilməmişik. Anamın və bizim qorxudan nitqimiz tutulub. Bir neçə saat nənəmin evində qalandan sonra yola düşmüşük. İlk gedəcəyimiz yer məhəllənin başındakı evin padvalı olub. Nənəmgil görüblər ki, mənfur düşmən hər yeri gülləbaran edir, tutduqlarını əsir götürür. Mən, anam, atam, qardaşım, dayım, babam və xalamla birlikdə Qarqar çayını keçib, meşəyə irəliləmişik. Çoxunun ayağı donduğundan elə yarıyolda qalıb. Nənəm danışır ki, evdən çıxanda qapını bağladım, amma açarı götürmədim ki, onsuz da qayıdacağam da. Nənəm evdən təkcə bir dənə ədyal götürüb, o ədyala da bizi büküb” deyə əsirlikdə olan Fuad deyib.

“4 gün meşədə, 3 gün isə erməni əsirliyində qalmışıq. Nənəm danışır ki, ermənilər əsgər çəkməsi ilə bizi döyürdülər, olmazın işgəncələr verirdilər. Ələxsus da kişiləri qadınlardan ayırıb, çox pis döyürdülər. Babamı da döymüşdülər. 16 yaşındakı dayımdan hələ də indiyə qədər xəbər yoxdur. Nənəm həmişə arzulayırdı ki, kaş o sağ qalmazdı. Çünki onların işgəncəsinə dözməkdənsə, ölmək daha yaxşıdır. 3 gün əsirlikdə qalandan sonra bizi Milli Qəhrəman Allahverdi Bağırov azad edib. Allah ona və bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. Xocalı bəşər tarixində ən dəhşətli faciə, soyqrımıdır. Bu soyqrımda ermənilər neçə-neçə insanı əsir götürdülər, qoca, cavan demədən hamını qanına buladı, bizimlə birlikdə əsir götürülən 50-dən çox Xocalı sakinindən hələ də xəbər yoxdur. Xalqımız bu faciəni heç bir zaman unutmamalı və düşmənə nifrət sonsuz olmalıdır. Çox şükür ki, bu gün torpaqlarımız işğaldan azad edilib və düşmən tapdağında bir ovuc torpağımız da qalmayıb” deyə Fuad deyib.