
28 fevral 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Xorvatiyadakı Səfirliyi tərəfindən Xorvatiyanın ən böyük konsert zalı olan “Lisinski” – də Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş anma mərasimi və Xocalı Qurbanlarının xatirəsinə həsr olunmuş anım konserti təşkil edilmişdir.
Gununsesi.info bildirir ki, səfirlikdən Milli.Az-a verilən məlumata görə, 200 nəfərə qədər qonağın qatıldığı tədbirdə Xorvatiyanın yüksək səviyyəli rəsmiləri, Xorvatiyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və üzvləri, Xorvatiyanın ictimai-siyasi xadimləri və yerli ictimaiyyət iştirak etmişdir.
Tədbirdə açılış nitqi söyləyən Səfir Kamil Xasiyev Xocalı faciəsi barədə geniş məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınının həyata keçirildiyini qeyd etmişdir. Səfir Xocalı soyqırımı zamanı 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxsin öldürüldüyünü, 1000 nəfərin yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü və indiyə qədər Xocalının 150 sakininin itkin hesab olunuğunu bildirmişdir. K.Xasiyev vurğulamışdır ki, Xocalının mülki əhalisinin sadəcə azərbaycanlı olduqları üçün, məqsədli şəkildə qırğını həyata keçirilmiş və Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi qəti şəkildə sübut edir ki, Xocalının mülki əhalisinin və müdafiəçilərinin məqsədli şəkildə qırğını ayrıca və təsadüfi hərəkət olmayıb, əksinə Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirilmiş mənfur və amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olmuşdur. Səfir 15-dən çox dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırım və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul etdiyini və Xocalıda törədilmiş soyqırımın insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasını qeyd etmişdir.
Səfir K.Xasiyevin açılış nitqindən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Xocalı faciəsinin qurbanlarının xatırəsinə həsr edilmiş Azərbaycan, Xorvatiya və dünya klassiklərinin musiqilərindən ibarət anma konserti başlamışdır. Konsertdə Xorvatiya Musiqi Akademiyasının professoru xanım Sabrina Zaliç, Cozef Haydn Konservatoriyasının məzunu Müşfiq Quliyev piano ifaçısı, La Skala Akademiyasının məzunu Azər Rzazadə isə opera ifaçısı kimi çıxış etmişdir.
Xocalı faciəsinin qurbanlarına həsr edilmiş anma tədbiri zamanı geniş proyektor lövhədə Xocalı soyqırımının qurbanlarının adları və Xocalı soyqırımı ilə bağlı məlumatlar nümayiş etdirilmişdir.
Gununsesi.info









