Xoş gəldin, Real- LƏMAN ƏLƏŞRƏFQIZI MİRŞAHİNİN TELEKANALINDAN YAZIR

Xoş gəldin, Real

Dilimin ucunda sözün düyünləndiyi, boğazımın quruduğu gündür bu gün. Bu gün martın 15-i  Azərbaycanın xəbər məkanına yeni bir televiziyanın gəldiyi gündür. Deməli tarixi bir gün. Deməli, bundan belə hər il Novruz qabağı daha bir bayramı ürəkdən qeyd edəcəyik. Bu “Real TV”-nin bayramı olacaq. Allah ömrünü o qədər uzun eləsin ki, bizdən sonra yeddi arxa dönənimizə də real xəbər çatdırsın. Açığı ümidlərim çox böyükdür. Ümidimiz heç üzülməsin.
Ümidlə gəl, Real!
*
Mahatma Qandinin maraqlı bir fikri var. Deyir əvvəl veclərinə almazlar, sonra lağa qoyarlar, sonra qısqanarlar və ən sonda məğlub olarlar. Real TV ilə bağlı məsələ gündəmə gələndən təxminən hadisələr böyük Qandinin sıralaması ilə getdi. Əvvəl veclərinə almadılar, sonra lağa qoydular, sonra qısqandılar və sonra da…məğlub oldular. Kim ?-deyə sual verə bilərsiz. Birdirmi, ikidirmi sayları ki, ad açıqlayım? Bir ORDU adamdır. Amma görmüşük ki, ORDU Vətənin, dövlətin müdafiəsində durar, qəsdinə durmaz. ORDU Vətənin sərhədlərini qoruyar, sərhədlərini aşmaz. Sərhədini aşan, ağzının danışığını, sözünü bilməyən sözün qədrinimi biləcək?

Sözün kəsərli olsun, Real!

Noyabrda Mirşahinin ad günüydü. Haqqında bir yazı yazmışdım. Sözün rəsmini çəkən bu adamın çəkilməz biri olduğunu da demişdim o yazıda. Hə, yenə o çəkilməz günlər başlayır. Yenə səs-küy, yenə çığır-bağır, yenə əsəb, yenə qanqaraçılıq…hamısı da xəbərə görə. Olsun. Təki xəbər qazanımız daim qaynasın. Bişmişini, çiyini tamaşaçı desin. Ölkənin efir məkanında rəqabət mühiti yaransın. Tamaşaçını xəbər mədəniyyətinə kökləyək. Bir az bayağı verilişlərdən uzaqlaşaq, başımızı qaldırıb ətrafa baxaq, başqa ölkələrin televiziyalarına diqqət kəsilək. Öyrənəsini öyrənək, öyrədəsinə öyrədək.Çox gec qalmışıq, çox geridə qalmışıq. Fərqindəsizmi?
Missiyan mübarək, Real!
*
Bu səhər xəbər saytlarını açan kimi televiziyalardan birində müğənni ilə aparıcı arasında yaşanan qalmaqalın yenə manşetə daşındığını gördüm. Daha keçib, təfərrüatı yazacam. Deməli aparıcı Kamran Həsənli çılpaq şəkilləri ilə gündəmdən düşməyən Afaq Aslanı verilişinə qonaq çağırıb. Aparıcının “Afaq xanım da müğənni olmaq istəyir” replikasını çılpaq gözəlçə sakit qarşılamayıb. Deyib “ əvvəla verilişin mövzusu mən deyiləm. Siz Kamran Həsənlini də ilk dəfədir ki, görürəm. Sizi Samir Piriyevlə davanızdan sonra tanımışam. Mən özümə hörmət qoyan aparıcı olsaydım, o söhbətlərdən sonra efirə çıxmazdım. Niyə məni müzakirə edirsiz? Sənə reytinq lazımdır ?”

Aparıcı əks hücumdan özünü itirib: “ Afaq xanım, soğan yeməmisizsə, içiniz niyə yanır? Sizin kimi insanlar televiziyanın qaydalarını pozurlar. Çox ədəbsizlik edirsiz. Bu ədəbsizliyə son qoymaq üçün istəyirik efirdə bu məsələni müzakirə edək” deyə rabitəsiz cümlələr işlədib.

Afaq Aslan hörmətli Kamran Həsənliyə demiyib ki, əgər ədəbsizəmsə, əxlaqsızamsa, yaxşı, bəs onda mənim bu televiziyada nə işim var axı? Əgər mənə etimadın yoxdursa, müğənniliyimə şübhə edirsənsə, Azərbaycan qadınının Afaq Aslandan öyrənəcəyi, əxz edəcəyi bir müsbət cəhətinə inanmırsansa onu efirə niyə çıxarırsan ki? Afaq Aslan bunu Kamran Həsənliyə deməyib. Amma çılpaq gözəlçə başqa bir çılpaq həqiqəti -ona-buna pul atan hansısa bir aparıcı mənim adımı necə çəkə bilər? – deyib və efiri tərk edib.

Belə…Təəssüf ki, bu cür tragikomik, ucuz şouya hesablanan verilişlər televiziyalarımızı tərk eləmir. Baxmasan da, az qala hər gün bu haqda nəsə oxuyursan, yəni xəbərlər ancaq bu tipdədir.

Ona görə də XƏBƏRSİZ XƏBƏR MƏKANINA

Xoş gəldin, Real !

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info

COMMENTS