“Xoşbəxtlik hormonu” serotoninin azalması payız depressiyasına səbəb olur

Yay bitdi. Artıq, payızın ilk günlərini yaşayırıq. Hal hazırda, elə bir fəsildəyik ki, ən həyat dolu insanlar belə depressiyanın ən geniş yayılmış növündən – mövsümi və ya payız depressiyasından sığortalanmayıblar.

Heç kimə sirr deyil ki, payızın gəlməsi ilə bir çox insan xüsusi səbəb olmadan daha kədərli və hüznlü olur. Qısalmış günlər, tutqun hava, boz təbiət… Bütün bunlar payız depressiyasının yaranmasına səbəb olur və dünyada hər beş insandan biri bu depressiya növündən əziyyət çəkir.

Payız depressiyası əhvalın dəyişkən olması, çox vaxt onun aşağı olması, müəyyən situasiyalarda insanın təfəkkürünün donması, hərəkət aktivliyinin tormozlanması ilə xarakterizə olunan psixoemosional vəziyyətdir. Mütəxəssislər hesab edir ki, payız depressiyasına məruz qalan insan həyatda öz yerini tapa bilmir, öz istəklərini boğur və məmnunluq hissini itirir. Bəs görəsən, payız depressiyasının səbəbi nədir?

“Bu daha çox psixoloji olaraq depressiyaya meyilli olan insanlarda olur. Depressiyanı ümumiyyətlə, biz daha çox soyuq aylarda müşahidə edirik. Ümumilikdə, orqanizm də istiyə öyrəşir və adaptasiya olunur. Amma o mühitdən başqasına keçəndə bir az deqradasiya formasında depressiya yaranır.

Payızda günəş şüalarının azalması orqanizmdə melotonin hormonunun artmasına səbəb olur ki, bunun nəticəsində də əhval ruhiyyə aşağı düşür. Lakin, hər günün özünün maraqlı enerjiverici tərəfləri var, günəş oldu-olmadı. Ümumiyyətlə, belə hallarda qidalanmağa da diqqət etmək lazımdır. Kalorili yeməklər yemək lazımdır”.

Lakin araşdırmalar göstərir ki, bizim əhvalımızı kədərli, iş qabiliyyətimizi aşağı, davranışımızı apatik edən öz-özlüyündə təkcə havaların pisləşməsi deyil. Bu fenomenin fizioloji izahı da var. Bir qrup alim hesab edir ki, işığın azalması ilə əhvalın pozulması “bioloji saatların” pozulması nəticəsində baş verir.

Depressiyadan əziyyət çəkən insanlarda minimum bədən temperaturu səhər saat 06:00-da müşahidə olunur, normalda isə bu gecə saat 03:00-da olmalıdır. Buna görə də, onlar səhərlər çətin oyanır və gecələr isə pis yatırlar. Bu insanlar 06:00-08:00 arası parlaq işıq terapiyası aldıqda nəinki onların əhvalı düzəlir, həm də bədən temperaturunun minimumu daha erkən vaxta keçir.

Başqa bir yanaşmaya görə isə pis əhvala və enerjinin azalmasına cavab deholanmelatonin hormonunun artması və nəticədə də “xoşbəxtlik hormonu” serotoninin azalması payız depressiyasına səbəb olur. Məlumdur ki, heyvanlarda da yuxu və oyaqlıq dövrü melatoninin ifrazı ilə tənzimlənir. Melatonin yalnız qaranlıqda ifraz olunur və işığa qarşı çox həssasdır. Buna görə də yayda gecələr qısa olduğu üçün melatonin ifrazı azaldığı halda uzun qış gecələrində onun ifrazı artır.

Bu fizioloji səbəblərdən başqa payız depressiyasının psixoloji səbəbi də var. Payız ilin sonudur. Hər bir insan keçmiş ilin hadisələrinə nəzər salır. Heç də, həmişə bütün insanların arzuları, istəkləri reallaşmır. Bu natamamlıq, şəxsiyyət kimi özünü reallaşdıra bilməmək insanda özünə inamsızlıq, əhvalsızlıq yaradır.

Bütün bunlardan əlavə isə xroniki streslər, ətrafdakılar tərəfindən insana qarşı irəli sürülən yüksək tələblər, iş və istirahət rejiminin pozulması, natamam yuxu da depressiyaya səbəb olur.

 

Qalib Əsədov

Gununsesi.info