Bu aralar xoşbəxtliyə ehtiyacım olmadığı üçün, deyəsən, xoşbəxtəm. Vaxtilə Bukovski də təxminən belə bir cümlə demişdi: “Dünyaya xoşbəxt olmağa gəlmədiyimizi anladığımız an xoşbəxt olmağa başlayırıq”.
İnsanın özünü aldatma işində nə qədər mahir olduğu onun xoşbəxtliyinin miqdarı ilə düz mütənasibdir. Fəqət özümüzə danışdığımız yalanlar üzə çıxmasın deyə özümüzlə üz-üzə gəlmək istəmirik.
Hərçənd insan özünə dediyi yalanı etiraf edərkən belə yüzlərlə yeni gözükölgəli və arsız yalanlar uydurur. Təfərrüatlar utanmazca yumşaldılır, səhnələr həyasızca dəyişdirilir, bəzi qisimlərə göz yumulur, bəzi dostlar bəraət qazanır.
Bütün bunlara baxmayaraq, yalanları etiraf edə bilənlər istənilən halda ağıllıdır. Çünki təfərrüatların cəmindən yaranan mübhəm mənzərə bayağı gerçəkdən daha dözülməzdir. Əsl yalan həmişə təfərrüatların gözünün qarasında gizlidir. Bu həyatda əsl gerçəyə isə tab gətirə biləcək insan… Yoxdur! Xülasə, aldanaraq xoşbəxt olmaq yaratdığımız ən zərif və müşkül kontrastdır.
Xoşbəxt insan ya öz ağlından məmnun bir dəlidir, ya da öz dəliliyindən məmnun bir ağıllı. Üstəlik, hər dəli və ya hər ağıllı kimi bir azca da qürursuzdur. Çünki qürur insanı özündən ayıran şıq və məğrur bir divardır.
Həyatları boyunca heç böyük bir kədər və aldanış yaşamamış kəslərə də rast gəlmək olur. Bu xoşbəxt adamlar başlarına gələ biləcək ən qorxulu şeyin öz yaxşı taleləri olduğundan xəbərsizdirlər. Çünki “həyat” dediyimiz bu bir gedişlik şans oyunu həmin adamların bəxtini ya unudub, ya da xatırlamağa gərək duymayıb. Əlqərəz, zərləri taxtanın üstünə atılmayıb. Bütün oyun boyunca zövq və arxayınlıq yaşatdıqdan sonra əldə qalan “tuz” kartı kimi xəcalətli ömür sürüblər.
Bir əsərdə oxumuşdum ki, qədim yunanların müqəddəs kitabı qəbul edilən “İliada”nın ən çox heyrətləndirən nüanslarından biri fani insanların əbədi Tanrıları qovaladıqları və hətta bəzən onlarla mübahisələrə girdikləri məqamlardır. Əslində, tanrılarla belə bir səmimiyyət və yaxınlığa nə qədər ehtiyacımız varmış! Üstəlik, bunu, bəlkə də, onlar da arzulayıblar. Bu itaətkar, üzüyola köləliyimiz, bu səfil yaltaqlığımız və hər şeyə tab gətirən ruhsuzluğumuzla, bəlkə də, onları təngə gətiririk? Yoxsa qədim dövrə nisbətən tarixin irəliləyən çağlarında bu səbəbdənmi artıq gözümüzə görünməyib qeybə çəkildilər, yer üzündən ilim-ilim itdilər?!
“Hər şeydən öncə söz vardı, söz Tanrıyla idi və söz Tanrıydı ” –deyə başlayır İncil.
Pis başlanğıc deyil, hətta deyərdim ki, söz üçün deyilmiş ən uyğun düsturdur. Çünki sözlər sehirdir və sehrbazlıq Tanrı əməlidir. Bir neçə il sonra postmodern fəlsəfə də eyni sözlərə istinad etməyə başladı.
“Hər şeydən öncə söz vardı və söz Tanrıydı.” Bəs sonra nə oldu?
Heç, öncə gülüş səsləri kəsildi, sonra musiqi, sonra rəqs… Nəhayət, əyləncə bitdi! Dünyadan zövq ala bilmə qabiliyyətimiz tarixin ən qaranlıq səhifələrinə gömüldü. Biz xoşbəxt olmaq üçün ətrafı, ən başda isə özümüzü aldatmağa başladıq. Yalanlardan ibarət yeni və uzaqdan zurnasının səsi xoş gələn dünya yaratdıq. Beləcə riyakarlığın təməli dürüstlüyümüzün başdaşına qoyuldu.
Nihilist deyiləm, əlbəttə. Sadəcə nəyin nə olduğunu bilmirəm. Biləcəyimi də sanmıram. Üstəlik, bilməyim gərəkdiyini də heç düşünmürəm…
Bu səbəbdən də xoşbəxtəm…
İlahə Səfərzadə
(16.09.2024.)