
Səhiyyə naziri Oqtay Şirəliyevin 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar qrip və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə imzaladığı əmr əsasında SN tibb idarə və müəssisələrinə, eyni zamanda RGEM-ə payız-qış mövsümündə qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə göstəriş verilib.
Bu haqda Gununsesi.info-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Belə ki, Azərbaycanda qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində xəstəxanalarda palatalar yaradılıb, respublikadakı məktəblər, məktəbəqədər və digər təhsil müəssisələri dezinfeksiya edilib. Belə ki, palatalar ölkənin bütün mərkəzi rayon xəstəxanalarında, Bakıda isə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, Kliniki Tibbi Mərkəzdə və digər kliniki xəstəxanalarda və 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında yaradılıb.
Həmin səhiyyə müəssisələrinin hər birində daxil olan bütün xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb.
Əmrə əsasən, şəhər dezinfeksiya stansiyaları tərəfindən respublika üzrə bütün məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində və digər təhsil müəssisələrində noyabr ayının ilk 2 həftəsi ərzində dezinfeksiya işləri həyata keçirilib.
Qeyd edilib ki, kəskin respirator xəstəliyi olan, qripə bənzər əlamətlər müşahidə edilən xəstələrdən müayinə üçün yaxma nümunələri götürülür və onlar SN-nin Respublika Taun Əleyhinə Stansiyasında yoxlanılır.
Xatırladaq ki, bu mövsümdə nisbətən ağır gedişli respirator xəstəliyi olan 130-dan çox xəstədən material götürülərək müayinə olunub. Onların heç birində qrip virusları aşkarlanmayıb.
Gülnaz Qənbərli
Gununsesi.info











