Mayın 28-nə keçən gecə Almaniyanın Deggendorf şəhərindəki miqrantlar üçün Bavariya tranzit mərkəzində alman polisi xüsusi əməliyyat keçirib, 4 nəfərdən ibarət azərbaycanlı ailəni və Syerra-Leonedən olan 6 nəfəri ölkədən qovub.
Gununsesi.info Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Bavariyada dərc edilən “Merkur” nəşri məlumat yayıb.
Miqrantlara qarşı əməliyyata Aşağı və Şimal Bavariya torpaqlarının polis idarələrinin əməkdaşları, həmçinin polis xüsusi təyinatlıları cəlb ediliblər.
Polis əməkdaşları xüsusi təyinatlıların müşayiəti ilə gecə saat 4-ün yarısı Qaçqınlar üçün tranzit mərkəzinə daxil olduqları zaman miqrantlar onlara müqavimət göstəriblər. İki afrikalı polisdən qaçıb gizlənməyə macal tapıb, digərləri isə saxlanılıblar. Yalnız 7 və 10 yaşlı uşaqları olan azərbaycanlı ailə heç bir hadisə törətmədən polisə təslim olub.
Alman qəzeti yazır ki, hazırda azərbaycanlı ailəni İtaliyaya deportasiyaya hazırlayırlar.