Yəhudi əsilli ABŞ senatoru Bernie Sanders 68 gündür Qəzza zolağına fərq qoymadan bombardman edən İsrailə hərbi yardım etməməsi üçün ABŞ-a təzyiq etməyə davam edir.
Gununsesi.info xəbər verir ki, Sanders ABŞ prezidenti Co Baydenə göndərdiyi məktubda İsrailin Qəzzaya hərbi müdaxiləsinin “kütləvi vəhşiliyə” çevrildiyini və İsrailə “10,1 milyard dollarlıq əlavə hərbi yardımın verilməsinin məsuliyyətsizlik olacağını” bildirərək, İsraili gözlənilən 10,1 milyard dollarlıq hərbi yardımdan imtina etməyə çağırıb.
Sanders “İsrailin hərbi əməliyyatı müasir tariximizin ən qaranlıq səhifələrindən biri kimi yadda qalacaq” deyərək, Qəzzada 70 faizi qadın və uşaq olmaqla 18 min mülki vətəndaşın öldürüldüyünü, 49 min mülki vətəndaşın isə yaralandığını bildirib.
Baydeni Birləşmiş Ştatların bu həftənin əvvəlində Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında veto qoyduğu Qəzza zolağında təcili humanitar atəşkəs tələb edən qətnaməni dəstəkləməyə çağıran Sanders, Qəzzada indiyədək BMT-nin 134 əməkdaşının öldürüldüyünü bildirib. O, 1,9 milyon mülki əhalinin məcburi köçkün olduğuna diqqət çəkib.
Koordinatları İsrail komandirləri ilə paylaşıldığı halda, Qəzzadakı BMT-nin 40 obyektinin İsrail qüvvələri tərəfindən vurulduğunu bildirən Sanders bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinə 10,1 milyard dollarlıq əlavə hərbi yardımın “geniş, ayrıseçkilik etmədən bombardmanının davam etməsi deməkdir”.
Sanders Baydenin İsrail Ukrayna və Hind-Sakit Okean regionu üçün 106 milyard dollarlıq maliyyə tələbinə toxunub: “Ona görə də sizdən Konqresdən tələb olunan maliyyənin bu hissəsinə dəstəyinizi geri çəkməyinizi xahiş edirəm” .
Senator Qəzzadakı dağıntıların Almaniyanın Drezden və Yaponiya şəhərlərində İkinci Dünya Müharibəsi zamanı görülən dağıntıları aşdığını deyib. “İsrailin sıx məskunlaşan şəhər ərazilərində böyük partlayıcılar da daxil olmaqla, geniş yayılmış və fərq qoymadan bombardmanlara arxalanması vicdansızdır”, – deyə o əlavə edib.
Sanders ABŞ-ın bu dağıntıya “şəriki” olduğunu ifadə edib: “Bu, ABŞ-ın istehsal etdiyi və təmin etdiyi, vergi ödəyiciləri tərəfindən külli miqdarda maliyyələşdirilən bomba və avadanlıqlarla edilir. Təəssüf ki, biz də bu qətliama ortaqıq”.
Son olaraq Sanders ABŞ mətbuatında ABŞ-ın oktyabrın 7-dən bu yana İsrailə 15 mindən çox bomba və 57 min top mərmisi verdiyi və İsrailin Qəzzaya 22 mindən çox ABŞ istehsalı bomba atdığı xəbərinə toxunub.
Gununsesi.info