Yəhya Quliyevin cəzası ağırlaşdırılıdı -FOTO

Ötən ilin fevralında Bakıda bir nəfərin ölümünə səbəb olan Vətən Müharibəsi qazisi Yəhya Quliyevin cəzası ağırlaşdırılıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin Y.Quliyev barəsindəki hökmünü dəyişdirərək onun 9 il 6 ay müddətə azadlıqdan məhrum edilməsinə qərar verib.

Qeyd edək ki, hadisə 2022-ci il fevralın 13-də Yəhya Quliyevin evinin önündə baş verib. Belə ki, o, gecə saatlarında evin qarşısında səs-küy olduğunu görüb küçəyə çıxıb. Həmin şəxslərdən səs-küy salmamalarını tələb edib. Bundan sonra tərəflər arasında dava düşüb. Dava zamanı 23 yaşlı Y.Quliyev 24 yaşlı Zamiq Həşimli və 30 yaşlı Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib. E.İbadov xəstəxanaya aparılarkən yolda vəfat edib.

İddialara görə, həmin şəxslər yaxınlıqda yaşayan və yüngül həyat tərzi keçirən qadının yanına gəlibmiş. Qohumları hadisə baş verən zaman Eynulla və Zamiqin halının özündə olmadığını da bildirib.

Qeyd edək ki, Yəhya Quliyev Vətən Müharibəsi iştirakçısıdır. O, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il müddətə azadlıqdan məhrum etmişdi.

Amin Nəzərli


Gununsesi.info