Yaddaşlarda ancaq kostyumu ilə qalan müğənnimiz - Orxan Saffari yazır...

  • By Admin2
  • 06 Mart 2026 10:04

Qəribədir ki, İzzət Bağırov deyəndə adamın ağlına sənət, hansısa gözəl musiqi yox, 90-cı illərdə əynində barmaqlarının yarısına qədər düşən boş, boz kostyum gəlir. Bu mənada, elə İzzət Bağırovun sənəti də bozdur. Üstəlik, bir az da boşdur.

Belə bir anlayış var: “musiqi insanın ruhunu sakitləşdirir”. Ancaq İzzət Bağırovun oxumağı adamın ruhuna bir qram da təsir eləmir. Hətta ruha təşəkkür düşür ki, sağ olsun, İzzət Bağırov oxuyanda adamın bədənin tərk eləmir.

Uzun müddət onun sənətdə mənalı, ciddi bir tərəfini axtarsam da, yadıma hər dəfə boş kostyumu düşdü və güldüm.

Bəs görəsən, İzzət Bağırov özü buna pis olurmu? Heç bu barədə nə vaxtsa düşünübmü?

Kədərlidir, deyilmi? Uzun illər sənətdə olasan, oxuyasan, əlində mikrafon o səhnə sənin, bu səhnə mənim gəzəsən, ancaq yadda da qala bilməyəsən?

Əslində, həmin vaxtlar elə hamı, bütün müğənnilər İzzət Bağırova oxşayırdı, o cür geyinirdilər. Ancaq kimin istedadı var idisə, o günlər yaddan çıxdı, o günlərdən geriyə sənət, musiqi qaldı. İzzət Bağırovdan isə əyninə qutu kimi oturmayan kostyum. Görünür, İzzətin kostyumu özündən daha maraqlıdır.

Məsələn, müğənnilər haqqında belə danışmaq olar:

Faiq Ağayevin gözəl səsi, Aygünün, Tünzalə Ağayevanın, Röyanın səsi və gözəlliyi, Vasif Məhərəmlinin Stefano Ricci kəməri olsa da, Nadir Qafarzadənin heç nəyi yoxdur. Ancaq heç olmasa, İzzət Bağırovun kostyumu var.

Bəs görəsən, bir gün İzzət Bağırovun kostyumu da yaddan çıxsa, bu dünyada ondan geri nə qalacaq?

Əgər sual versələr ki, bu illər ərzində İzzət Bağırovda hansı dəyişiklik olub? Veriləcək bir cavab var, o da “maşallah, kökəlib, ətə qana gəlib, indi kostyum əyninə yaxşı oturur”-dur.

Ancaq onu da vurğulamaq lazımdır ki, indi geyindiyi kostyumlar daha əvvəlki kimi yadda qalmır.

Ümumiyyətlə, İzzət Bağırov oxuyanda elə bilirəm ki, boğazında nəsə qalıb, udquna bilmir.  Adam istəyir, o oxuyanda yanında dursun ki, birdən nəfəsi gedər, heç olmasa, kürəyinə zada vurasan, ovxalayasan.

Onun səsi adama nəsə demək istəyir, amma başa düşmürsən. Belə baxırsan, görürsən ki, musiqi var, əlində mikrafon İzzət Bağırovun özü də var, amma ortada heç nə yoxdur.

İzzət Bağırov da heç kimin telefonunda musiqi olmayan, heç kimin yutubdan musiqilərini yükləmədiyi müğənnilərdəndir. Elə bir mahnı yoxdur, o səslənəndə deyəsən, hə, İzzət möhürünü vurub.

Məsələn, kimsə darıxsa, gözəl bir musiqi dinləmək istəsə və seçimi İzzət Bağırov olsa, darıxmağı keçməyinə keçəcək, ancaq bu dəfə əsəbdən ürəyi partlayacaq.

Bir dəfə verilişlərin birində aparıcı İzzət Bağırovdan soruşmuşdu ki, sizcə, sənətə layiq olmayan müğənnilər var? İzzət Bağırov da zarafata salıb olduğunu desə də, ad çəkməmişdi. Məncə, düz edib. Yəni adam özünün adını bu müstəvidə çəkmək istəməz.

Adam İzzət Bağırovum uzun illər ərzində göstərdiyi sənətə baxanda demək istəyir ki, heyif o projektorlardan, durmadan üstünə vurub, üzünə işıq tutub. Ancaq İzzət özü sənətə işıq tuta bilməyib.

Əlbəttə, İzzət Bağırovun adı sənətdə qalacaq. Ancaq onu ən yaxşı halda gözəl səsi olan Almaxanımın dayısı kimi xatırlamaq lazımdır. Yenə yaxşıdır ki, Almaxanım dayısına oxşamayıb. Əgər İzzət Bağırov indən belə sənətə gəlmək istəsə, gözəl sənətkar olan bacısı qızından oxumağı öyrənə bilər.

Orxan Saffari

Gununsesi.info