“Yağış torpağa hopduğu kimi əcnəbi sözlər də şüurumuza həkk olunur” - ƏFLATUN AMAŞOV

  • By admin
  • 29 Noyabr 2016 14:00

1435306349_eflatun-anmashov

Əcnəbi sözlər yağış damcısı kimi bu gün bizim şüurumuza həkk olunur.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Əflatun Amaşov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, “Dövlət dili haqqında” aanuna dəyişikliklər edilməsi kifayət qədər əhəmiyyətli dəyişiklikdir. “Mən bu gün Milli Məclisə gələndə yalniz bir yaşayış binasında 10 reklam və mağazaların adı yazılmış lövhələr gördüm. 8-i Azərbaycan dilində deyildi. Qalanlar da bank və apteklə baglı idi (Heç onlar da bizim sözlər deyil). Biz bu sayaq nümunələri hər gün görürük. Mən əcnəbi sözlərin dilimizə daxil olmasının qəti əleyhidarı deyiləm. Həm də hesab edirəm ki, bu, dilimizin inkişafına müsbət təsir göstərir, onu zənginləşdirir”- deyə, o bildirib.

Ə.Amaşov əlavə edib ki. ancaq məsələyə həssas yanaşmaq lazımdır. 10 reklamdan 8-i əcnəbi dildədirsə, artıq burada dilin inkişafı məsələsindən söhbət gedə bilməz: “Yağış damcısı torpağa hopduğu kimi əcnəbi sözlər də bizim şüurumuza həkk olunur. Bir növ məişətimizə, düşüncəmizə daxil olur. Sizcə, bu yolla dilimizi unutmuruqmu? Unuduruq, əlbəttə, üstəlik dəyərlərmizi də yadırğamış oluruq. Bir xalqın xalq olması üçün dilə qayğı mühüm şərtdir. Dil hər bir toplumun millət kimi movcudluğunun əsas atributudur. Unutmayaq ki, zaman ötdükcə bu sahədəki boşluqların aradan qalxması çox çətin və ağrılı proses olur. Düşünürəm ki, elə indidən o sayaq naqisliklərin qarşısını almalıyıq. Bütün bunlar eyni zamanda qanunlarımızın tələbidir. Çünki müstəqilliyimizi əldə etdikdən bəri Azərbaycan dili ilə bağlı 30-dək dövlət sənədi qəbul edilib. Məqsəd Azərbaycan dilinin saflığının qorunmasına və dövlət dili kimi daha da inkişafına yardım etmək olub. Bu baxımdan indi müzakirə etdiyimiz düzəliş də son dərəcə aktualdır. Biz həm də hamılıqla çalışmalıyıq ki, qanunlarda nəzərdə tutulan məsələlərin həyata keçirilməsinə yardımçı olaq”.

Mürtəza

Gununsesi.info