Yalçın İslamzadə: "Pedaqoji fakültələrin fəaliyyətinə və tədris məzmununa yenidən baxılmalıdır"

  • By Admin2
  • 01 İyul 2026 10:38

Yalçın İslamzadə təhsil naziri Emin Əmrullayevin ictimaiyyət qarşısında hesabatlılığını və açıq mövqeyini müsbət qiymətləndirərək, bu kontekstdə təhsil sistemi ilə bağlı bir sıra məsələlərə diqqət çəkib.

Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, sertifikasiya prosesi nəticəsində minlərlə müəllimin işsiz qalması narahatlıq doğurur.

O hesab edir ki, aşağı keçid balları ilə pedaqoji fakültələrə tələbə qəbulu aparılması, sonradan isə büdcə imkanları məhdudlaşdıqda həmin müəllimlərin işdən çıxarılması düzgün yanaşma deyil.

O bildirib ki, ixtisas imtahanından keçə bilməyən müəllimlər daha çox sistemin qurbanlarıdır.

Yalçın İslamzadə sertifikasiyanın yalnız ümumtəhsil məktəblərinin müəllimləri ilə məhdudlaşmamalı olduğunu vurğulayıb.

Onun fikrincə, pedaqoji fakültələrin müəllimləri də sertifikasiyadan keçməli, qiymətləndirməyə xarici dil biliyi də daxil edilməlidir.

O qeyd edib ki, xarici dil bilməyən müəllimlərin öz sahələri üzrə beynəlxalq elmi yenilikləri izləməsi çətinləşir.

Yalçın İslamzadı pedaqoji fakültələrdə tədrisin keyfiyyəti ilə bağlı da narahatlığını ifadə edərək bildirib ki, bir çox müəllim müasir tədris, qiymətləndirmə metodları və təhsilin fəlsəfəsi üzrə yetərli hazırlığa malik deyil. Onun sözlərinə görə, pedaqoji ixtisasların IV kurs tələbələri ilə qısa müsahibələr belə onların hazırlıq səviyyəsindəki problemləri üzə çıxarır.

Eyni zamanda həmçinin sual edib ki, ölkədə neçə pedaqoji fakültə və müəllim beynəlxalq elmi-pedaqoji jurnallara abunədir və həmin nəşrlərdə tədqiqatlarını dərc etdirir.

O bildirib ki, universitetlərin cəmiyyət qarşısındakı legitimliyi onlara göstərilən etimaddan asılıdır və pedaqoji fakültələrin müəllim hazırlığı sahəsində bu etimadı doğrultması vacibdir.

Tarix dərsliklərinin əsasən xronologiyaya söykənməsi ilə bağlı tənqidlərə də münasibət bildirən Yalçın İslamzadə onu da vurğulayıb ki, dərsliklərin məzmunu müəlliflərin deyil, Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi meyarlar əsasında formalaşdırılmalıdır.

Onun fikrincə, müəlliflərə dəqiq metodoloji tələblər qoyulmadıqda onlar ənənəvi yanaşmanı davam etdirirlər.

Yalçın İslamzadə əlavə edib ki, təhsil sistemində nəzərdə tutulan yeniliklərə müəyyən akademik çevrələr və ənənəvi yanaşmanın tərəfdarları tərəfindən müqavimət göstərilməsi ehtimalı yüksəkdir.

Elmar

Gununsesi.info