Yanğın baş verən Akademiyada dərslər bərpa olunub?

  • By admin
  • 07 Dekabr 2022 09:54

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının inzibati binasında qeydə alınan yanğının qarşısı qısa müddətdə alındığından, tələfat və ciddi xəsarət qeydə alınmayıb. Hazırda Akademiyada tədris adi qaydada davam etdirilir.

Bunu Modern.az-a açıqlamasında DSX-nın Mətbuat xidmətinin rəhbəri Aftandil Abbasov bildirib.

A.Abbasov sosial şəbəkələrdə bəzi tələbələrin yanğın səbəbindən özünü binadan atması iddialarına da münasibət bildirib:

“Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəyib. Yəni böyük sahəni əhatə etməyib ki, dediyildiyi kimi dəhşətli nəticələrə səbəb olsun. Bir neçə nəfər tüstüdən zəhərlənmişdi. Onlara da müvafiq yardımlar göstərilir. Şükürlər olsun ki, hər şey tam qaydasındadır”

Qeyd edək ki, dekabrın 6-da saat 17:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda aradan qaldırılıb. Hadisə nəticəsində şəxsi heyət arasında 3 nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar. Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 m²-lik hissəsinə ziyan dəyib.TƏBİB-in yaydığı məlumata görə, 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Gununsesi.info