Yanğından sonra 60 uşaq bu 6 tibb müəssisəsinə təxliyə edilib

  • By admin
  • 09 Yanvar 2024 16:11

Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra TƏBİB tərəfindən dərhal təxliyəyə başlanılıb və 60 uşaq təxliyə edilib.

Gununsesi.info bildirir ki, bu barədə jurnalistlər açıqlamasındaa TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib.

“Onların vəziyyəti stabildir. Vəziyyəti ağır olanlar vaxtından öncə doğulanlardır. Uşaqlar TƏBİB tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin uşaqların yanıq və tüstüdən boğulma diaqnozları yoxdur”, – deyə o, əlavə edib.

O qeyd edib ki, Respublika Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb müəssəsidir: “Buradakı körpələr ya vaxtından əvvəl, ya da yanaşı patologiya ilə doğulanlardır. Təxliyə ilə bağlı hansısa ağırlaşma olmayıb”.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Gununsesi.info