YAP-çı deputat AZAL rəhbərindən prezidentə şikayət edəcək - GƏNCƏYƏ REYS BƏRPA OLUNMASA

  • By admin
  • 21 Yanvar 2017 22:55

Naqif_Hamzayev_2016-2-1000x641

“Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 2017-ci il yanvar ayının 12-dən etibarən Gəncəyə təyyarə reyslərinin ləğv edilməsi Gəncə və  ətraf rayon sakinlərinin haqlı narazılığına səbəb olub”. Gununsesi.info bildirir ki, bunu Lent.az-a Yeni Azərbaycan Partiyasının Gəncə təşkilatının sədri, deputat Naqif Həmzəyev bildirib.

 

O qeyd edib ki, Bakıdan sonra Azərbaycanın ən çox diqqət mərkəzində olan ikinci şəhəri Gəncədir və son illərdə bir çox beynəlxalq səviyyəli dövlət əhəmiyyətli siyasi-ictimai tədbirlər məhz burada keçirilir: “Gəncə həm coğrafi mövqeyinə, həm əhalisinin sayına, həm strukturlaşma resurslarına və digər önəmli faktorlara görə Bakıdan sonra Azərbaycanın ikinci mərkəzi rolunu oynamaq imkanlarına sahib olan nəhəng mərkəzdir, sənaye şəhəridir.

2016-cı ildə Gəncənin  “Avropa  Gənclər Paytaxtı” kimi fəaliyyəti  olduqca təqdirəlayiqdir. Layihə ilə bağlı şəhərə minlərlə xarici qonaqlar gəlib, tədbirlərdə iştirak edib. 2017-ci ildə Nizami yurdu  MDB-nin Mədəniyyət  Paytaxtı seçilib. Bu il də şəhər mötəbər tədbirlərə ev sahibliyi edəcək, minlərlə  xarici qonaqlar Gəncəyə gələcək. Onların Bakıdan Gəncəyə rahat gəlmələri üçün təyyarədən istifadə etmələri lazımdır. AZAl Bakı-Gəncə  reyslərini təxirə salmaqla  ölkəmizin beynəlxalq imicinə böyük  xələl  gətirdiyini düşünməlidir. Mən tez-tez Bakı-Gəncə  reysindən istifadə edirdim. Hər dəfə də təyyarənin 60-70 faiz sərnişinlə  dolu olduğunun şahidi olmuşam. AZAL-ın  Bakı-Gəncə  təyyarə reyslərinin  təxirə salmasını iqtisadi cəhətdən əlverişli olmaması ilə əlaqələndirməsi həqiqətdən uzaqdır. Sovetlər dönəmindən gün ərzində  3 dəfə  Gəncə-Bakı təyyarə reysləri həyata keçirilib. Hazırda 1 uçuşun  həyata keçirilməsi ölkənin Qərb bölgəsinin vətəndaşları üçün olduqca vacibdir. Vətəndaşların haqlı şikayətini nəzərə alaraq, Gəncədən seçilən  deputatlar Bakı-Gəncə reysinin qısa müddətdə bərpa edilməsi üçün  aidiyyatı qurumlara müraciət etməyi qərara alıblar.

Həmçinin, Gəncə Naxçıvan reysinin də bağlanması Naxçıvanla Bakıdan sonra yeganə hava əlaqəsinin kəsilməsidir. Naxçıvanlılar üçün çox böyük problem yaratmış olur. Naxçıvandan Gəncəyə gəlməli olan sərnişinlər yalnız Bakı uçuşundan istifadə etməli olurlar. Baxmayaraq ki, Türk Hava Yolları Gəncə – İstanbul reysini sərnişinlər az olduğu halda ləğv etmir, AZAL-ın  bu addımı anlaşılan deyil”.

Deputat onu da bildirib ki, AZAL bu problemi aradan qaldırmayacağı təqdirdə bununla bağlı ölkə rəhbərliyinə müraciət edəcəklər.