YAP-çı deputat məsuliyyətsiz bəyanatına görə danlandı - ELMAN NƏSİROVA HAKİM PARTİYANIN ADINDAN DANIŞMAQ QADAĞAN OLUNUB

  • By admin
  • 13 İyun 2017 11:28

elman nesirov

Milli Məclisin insan haqları komitəsinin və Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Elman Nəsirov Azadlıq Radiosuna müsahibəsində Əfqan Muxtarlının saxlanılmasının Gürcüstan və Azərbaycanın birgə xüsusi əməliyyatının nəticəsi olduğunu bildirib.

Belə ki, “Hadisələrin təhlili onu göstərir ki, Əfqan Muxtarlı bir fiqurdur, böyük bir şəbəkənin tərkib hissəsidir. Daha böyük siyasi qüvvələr Gürcüstanda Əfqan Muxtarlı kimiləri toplayıblar, orda böyük maliyyədən, təşkilatlanmadan da söhbət gedir. Söhbət təkcə Əfqan Muxtarlıdan getsəydi, təbii ki, heç onun bu şəkildə həbsinə də ehtiyac qalmazdı. Həmin şəbəkə Azərbaycanda pozuculuq fəaliyyətini həyata keçirən Əfqan Muxtarlını təbii ki, qoruyur və çalışacaqdılar ki, onun Azərbaycana gətirilməsinin qarşısını alsınlar. Bu baxımdan, Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir”, – deyə Elman Nəsirov vurğulayıb.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti isə deputat Elman Nəsirovun Əfqan Muxtarlının saxlanılmasının Gürcüstanla Azərbaycanın birgə əməliyyatı nəticəsində baş tutduğu ilə bağlı iddiasını təkzib edib. Bu iddianı rədd edən Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti bildirir ki, deputatın dedikləri həqiqətə uyğun deyil və onların Əfqan Muxtarlının saxlanılması ilə heç bir əlaqəsi yoxdur.

Bu arada, Gununsesi.info-ya daxil olan məlumata görə, YAP-ın rəhbərliyi və Prezident Administrasiyası tərəfindən deputat Elman Nəsirova məsuliyyətsiz bəyanatına görə ciddi xəbərdarlıq olunub.

Əldə etdiyimiz informasiyada qeyd olunur ki, o, sözügedən açıqlamasına görə üzvü olduğu Yeni Azərbaycan Partiyasının icra katibliyi, həm də Prezident Administrasiyası tərəfindən ciddi iradla üzləşib, danlanılıb. Bundan başqa, ona hakim partiyanın adından danışmaq qadağan olunub.

Gununsesi.info