
Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, iclasda müzakirəyə çıxarılan “ Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “ Hidrometerologiya fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun tətbiqi ilə əlaqədardır.
Belə ki, həmin qanuna əsasən normativ hüquqi akta dövlət orqanının səlahiyyətlərinin həddindən artıq ümumiləşdirilmiş formada müəyyən edilməsi “orqan edə bilər”, “bir qayda olaraq”, “müstəsna hallarda yol verilir” və.s kimi buna bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir.
Bu dəyişikliklər dövlət orqanı, vəzifəli şəxs öz səlahiyyətlərini həyata keçirərkən onun tərəfindən yol verilə biləcək sui-istifadə hallarının qarşısını almağa xidmət edir.
Komitə sədri, deputat Eldar İbrahimov təklif edilən dəyişiklərin vacib olduğunu bildirib.
Millət vəkili Eldar Quliyev bildirib ki, bu gün ailə təsərrüfatları rayonlarda inkişaf edir: “Bəzən bələdiyyələrlə icra hakimiyyətləri arasında səlahiyyət məsələsinə görə anlaşılmazlıq olur. İndi bu dəyişikliklərlə anlaşılmazlıqlar aradan qalxacaq”.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Mürtəza
Gununsesi.info