YAP-çı deputatdan Müsavat başqanına cavab -İMKAN VERİN ...

  • By admin
  • 05 İyun 2021 18:02

Müsavat başqanı Arif Hacılı Kəlbəcərdə minaya düşən iki jurnalistin və bir icra nümayəndəsinin həlak olmasına görə hakimiyyəti günahlandırıb.

Müsavat başqanı iddia edib ki, bu faciəyə görə həm də hakimiyyət məsuliyyət daşıyır:

”7 aydır ki, ölkənin 700 min vətəndaşı mina bəhanəsi ilə öz ata- baba yurduna buraxılmır, minaya düşüb həlak olanların sayı isə azalmır ki, artır. Əslində hakimiyyət də, məsuliyyət də bölünməlidir”.

Milli Məclisin YAP-dan olan deputatı Naqif Həmzəyev isə bildirir ki, 44 günlük vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu erməni terrorist və faşistlərini Azərbaycan torpaqlarından qovdu və ərazi bütövlüyümüzü bərpa etdi: “Ancaq çox təəssüflər olsun ki,44 günlük vətən müharibəsində zəfər çalsaq da erməni terroru, erməni hərbi cinayəti hələ də davam edir. Çünki, ermənilər bugünədək minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil verməkdən boyun qaçırıblar və bunun nəticəsidir ki, bizim hərbçilərimiz, mülki şəxslərimiz, jurnalistlərimiz minaya düşərək şəhid olublar. Ötən gün jurnalistlərimizin minaya düşərək şəhid olması bir daha ermənilərin nə qədər qəddar olduqlarını ortaya qoydu. Çünki, onlar bilərəkdən xəritələri vermirlər və bilərəkdən bizim vətəndaşlarımızın həlak olmasını istəyirlər. Ancaq təəssüflər olsun ki, bizi narahat edən yalnız ermənilərin xəritələri verməməsi deyil. Həmçinin, özünü müxalifət adlandıran, müxalif mövqedən çıxış etməyə çalışan, hər vəchlə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasətə kölgə salmaq istəyən “müxalifət” və müxalifət liderləri var ki, bugünədək xarici təşkilatlara müraciət edərək ermənilərin xəritələri verməməsinə görə ittiham etməyiblər. Bir dəfə də olsun ermənilərin əleyhinə tutarlı fakt və fikir söylədiklərini eşitməmişik.Ancaq minaya düşərək şəhid olan vətəndaşlarımızın günahını bizdə görürlər. Bu təbii ki, absurddur, bu fikirlər təbii ki bizi narahat edir. Mən burdan özünü müxalifət lideri və ya müxalifətci adlandıran həmin şəxslərə üzümü tutub deyirəm ki, əgər əlinizdən bir iş gəlmirsə, əgər ermənilərin əleyhinə hansısa bəyanat, fikir söyləyə bilmirsinizsə və yaxud hansısa beynəlxalq təşkilata ermənilərin törətdiyi hərbi cinayətlərlə bağlı müraciət edib onlara qarşı məsələ qaldıra bilmirsinizsə ən azından sakit durun, ən azından görülmüş bu işə, əldə olunmuş zəfərə kölgə salmağa çalışmayın. Bu gün şəhid olan jurnalistlərimizin ruhunun şad olması üçün bu baş vermiş faciəyə hər hansı don geyindirməyin. Bunun bir adı var o da erməni terrorudur, erməni hərbi cinayətidir və ermənilərdə mütləq buna görə öz cavablarını verəcəklər. Azərbaycan hakimiyyəti onsuz da Ermənistanı beynəlxalq məhkəməyə verib. Xəritələri təqdim etmələri ilə əlaqədar olaraq bütün beynəlxalq təşkilatlara müraciət etmişik. ATƏT-in minsk qrupu qarşısındada məsələ qaldırmışıq və bizim bütün rəsmilərimiz keçirtdiyi görüşlərdə əsas məsələ mina xəritələrinin verilməsidir. Yəni bu baxımdan da özünü müxalifət lideri adlandıran şəxslər, xüsusilə də Arif Hacılı düşünürəm ki, obyektiv olmalıdır. Çalışmalıdır ki, əldə olunmuş zəfərə kölgə salmasın və kimləri isə ititham etməkdənsə əsas cinayətkar, faciənin əsas səbəbkarı olan ermənilərə qarşı bəyanat versinlər və beynəxalq təşkilatları xəritələrin verilməsinə çağırsınlar.

Günay Təhməzova

Gununsesi.info