180 min adamın pensiyası ləğv olundu, minlərlə adam ac durumda çöllərdə qalır - FAZİL MUSTAFA HÖKUMƏTİN KADR SİYASƏTİNDƏN NARAZIDIR

  • By admin
  • 19 Yanvar 2022 00:01

Milli Məclisin deputatı Fazil Mustafa növbəti dəfə dövlət strukturlarında kadr siyati barədə danışıb.

Gununsesi.info-nun xəbərinə görə, millət vəkili cəmiyyət üçün ağrılı olan bu mövzu haqqında dəfələrlə parlamentdə danışsallar da nəticə yoxdur:

“Biz Milli Məclisdə yüzlərlə təklif veririk, məsələləri səsləndiririk. Deyirik ki, sahibkarların vəziyyəti acınacaqlıdır, iş yerləri bağlanır. Yaxud deyirik ki, bələdiyyənin bu cür mövcud olması ölkəyə ziyandır. Bunları eşidən var ki? Ona görə hara kadr təklif edək? İctimai müzakirə mühiti olmalıdır, sadəcə təyinatdan söhbət getmir ki. Yeni Azərbaycan Partiyasından kifayət qədər kadr tanıyıram ki, layiqli kadrlardır. Amma hamısı 20-30 ildir eyni yerdə qalıblar və çürüyürlər. Bu şəxslər kənarda qalıb və zənbillə adamlar gətirildikdə belə hallar olur”.

Fazil Mustafa daha sonra əlavə edir:

Bölgələrdə idarəetmə sisteminə yetərli maliyyə vəsaiti ayrılır, lakin rayonlarda vəziyyət ürək açan deyil. İcra başçısı Prezidenti təmsil edir və icra başçısı televizorda yoxdur. Bəs bir bölgənin, rayonun yüz dənə problemi var, icra başçısı niyə televizorda olmasın? Prezidenti təmsil edirsə, Prezident özü medianın qarşısına çıxırsa, icra başçısı da çıxsın, rayonun problemlərini müzakirə etsin, bələdiyyənin fəaliyyətini dirçəltsin, canlandırsın. Bələdiyyə təkcə evlərdən, torpaqlardan pul yığmaq demək deyil ki. Bütün qurumlar məhv edilib və hər yanda ancaq qadağalardır. Bütün tikinti sektoru dayandı, minlərlə insan işsiz qaldı, pensiya sahəsində 180 min adamın pensiyası ləğv olundu, minlərlə adam ac çöllərdə qalır. Bu da hamısı etirazçı cəmiyyətin yetişməsinə səbəb olur. Hakimiyyət öz əli ilə öz komandasının bilavasitə səyləri ilə özünə etirazçı, üsyankar təbəqə yetişdirir. Ona görə də bu məsələlərdə yeniləşmə adı ilə kadrlar seçildi, amma kənd təsərrüfatından başı çıxmayan adam kənd təsərrüfatı rayonuna icra başçısı təyin olunur. Rayona icra başçısı təyin olunub, amma rayonun mərkəzi zibilliyin içində batıb gedir. O adamın vecinə deyil, çünki o beş-on nəfər dostu ilə həftəsonu istirahət etməyə, “piknik” təşkil etməyə öyrəşib. Budur problemin kökü.

Günay

Gununsesi.info